NATO Zirvəsi öncəsi sensasiya: Tramp F-35-lə bağlı xoş xəbəri açıqlayacaq

Ankarada bu gün başlayacaq NATO Liderlər Zirvəsi ərəfəsində Türkiyənin F-35 qırıcı proqramına yenidən qoşulacağı ilə bağlı diqqətçəkən iddia gündəmə gəlib.

Referans Media xəbər verir ki, ABŞ-ın "The New York Times" nəşrinin dörd yüksəkvəzifəli ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp Türkiyənin F-35 proqramına qayıdışına müsbət yanaşır.

Məlumata əsasən, Trampın NATO Zirvəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirəcəyi görüşdə bu məsələnin müzakirə ediləcəyi gözlənilir. Hətta tərəflər arasında bununla bağlı qarşılıqlı məktub mübadiləsinin də ola biləcəyi iddia olunur.

Bununla yanaşı, xəbərdə qeyd edilir ki, Tramp administrasiyasında ABŞ Konqresinin tətbiq etdiyi hüquqi məhdudiyyətlərin necə aradan qaldırılacağı ilə bağlı fikir ayrılığı mövcuddur. Ağ Ev isə yayılan məlumatlarla bağlı hələlik rəsmi açıqlama verməyib.

Xatırladaq ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldıqdan sonra ABŞ tərəfindən F-35 proqramından çıxarılıb və CAATSA sanksiyalarına məruz qalıb. ABŞ Konqresi də Türkiyənin S-400 sistemlərinə sahib olduğu müddətdə F-35 satışını qadağan edən qərar qəbul edib.

Bununla belə, son aylarda Ankara ilə Vaşinqton arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar fonunda F-35 proqramı ilə bağlı yeni iddialar iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın yenidən genişlənə biləcəyi ilə bağlı gözləntiləri artırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki