Ahbap Dərnəyinə dair aparılan istintaq çərçivəsində gözaltına alınan Babala TV-nin qurucusu Oğuzhan Uğurla bağlı yeni detallar üzə çıxıb. İddialara görə, Babala TV-nin bank hesabına xaricdən daxil olan yüksək məbləğli valyuta köçürməsi bankın Maliyyə Cinayətləri Araşdırma Şurasına (MASAK) şübhəli əməliyyat bildirişi göndərməsinə səbəb olub.
Referans MEDİA xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun Ahbap Dərnəyinə yönəlik araşdırması davam edir. İstintaq çərçivəsində daha əvvəl aralarında dərnəyin qurucusu Haluk Leventin də olduğu 14 nəfər həbs edilmişdi.
Oğuzhan Uğur da daxil olmaqla 7 nəfər saxlanıldı
İstintaqın yeni mərhələsində Oğuzhan Uğur, Gülgün Öztürk, Suzan Düşküner, Emir Taşar, Emre Kartaloğlu, Hüseyin Küçük və Fatih Ekenin saxlanıldığı bildirilib.
Oğuzhan Uğurun polis əməkdaşları tərəfindən Vətən Təhlükəsizlik İdarəsinə aparıldığı, həmçinin evində axtarış keçirildiyi qeyd olunub. Onun tibbi müayinəyə aparıldığı anların görüntüləri də yayımlanıb.
Xaricdən gələn böyük məbləğ araşdırılır
İstintaqla bağlı rəsmi açıqlama verilməsə də, iddialara görə, Babala TV-nin bank hesabına xaricdən daxil olan yüksək məbləğli pul köçürməsi bankın diqqətini çəkib.
Bildirilib ki, bank tərəfindən sözügedən əməliyyatla bağlı MASAK-a şübhəli əməliyyat hesabatı göndərilib və bu məsələ araşdırma predmetlərindən birinə çevrilib.
İstintaqda hansı ittihamlar araşdırılır?
İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən aparılan araşdırma "cinayət törətmək məqsədilə təşkilat yaratmaq", "ixtisaslı dələduzluq" və "cinayət yolu ilə əldə edilən əmlak dəyərlərinin yuyulması" ittihamları üzrə davam etdirilir.
Araşdırma zamanı MASAK hesabatları, bank hesabları üzrə təhlillər və texniki izləmə nəticəsində bəzi şəxslərin maliyyə vəziyyəti ilə uyğun gəlməyən yüksək məbləğli pul hərəkətlərinin olduğu, böyük məbləğli köçürmələrin həyata keçirildiyi və qısa müddət ərzində çoxsaylı daşınmaz əmlak əməliyyatlarının aparıldığı iddia edilir.
Ahbap istintaqında həbslər davam edir
İstintaq çərçivəsində daha əvvəl Ahbap Dərnəyinin əməkdaşları və üzvləri ilə bağlı əməliyyatlar keçirilmiş, Haluk Leventin də daxil olduğu bir qrup şəxs məhkəmə qərarı ilə həbs edilmişdi.
Hazırda Oğuzhan Uğur və digər şübhəlilərlə bağlı istintaq tədbirlərinin davam etdiyi bildirilir.
