Ömər Baba “Kurtlar Vadisi”nin sirlərini açdı: “Osman Sınav gecə onlarla görüşdü, sonra şok olduq”

Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında  “Ömər Baba” obrazını canlandıran Emin Olcay Türkiyə mediasına müsahibə verib.


Referans Media  həmin müsahibəni təqdim edir:

– “Kurtlar Vadisi” serialına necə daxil oldunuz?

– Mən bundan əvvəl “Deli Yürek” serialında oynamışdım. Osman Sınav məni tanıyırdı. Başqa layihəsi olan “Ekmek Teknesi”ndə məni oynatmaq istəyirdi. Lakin sonradan “Kurtlar Vadisi”ndəki “Ömər Baba” obrazına daha uyğun olduğumu düşündü. “Ömər” mərhum Osman Sınavın atasının adı idi. Mənə “Üç il saqqalla gəzəcəksən” dedi. Gördüyünüz kimi, hələ də saqqallıyam.

– Serialda neçə mövsüm rol aldınız?

– İlk bölümdən etibarən serialda idim. Son mövsümdə oynamadım, amma ümumilikdə 12 il serialda rol aldım. Açığı, özüm ayrılmaq istəyirdim. Serialın ilk dövrlərində mənim dialoqlarımı daha çox Ömər Lütfü Mete yazırdı. O, çox gənc yaşında dünyasını dəyişdi. Daha sonra bir müddət Necati Şaşmazın atası ssenariləri yazdı, sonra o da bunu dayandırdı. Bir müddət sonra isə mənim üçün demək olar ki, dialoq yazılmamağa başladı.

Mən də bezdim və dedim: “Dostlar, məni buradan çıxarın. Çünki artıq burada mənim işim qalmayıb. Mənim üçün heç nə yazmırsınız”. Halbuki tamaşaçılar məni məhz danışdığım hekayələrə görə sevirdilər. “Ömər Baba” konsepsiyadan kənarda olan bir obraz idi.

Serialdan ayrılmaq üçün iki il çalışdım. Hətta bir yerdə “Ömər Babadan canımı qurtardım” mənasında açıqlama verdim. Bundan sonra prodakşn tərəfdə böyük qalmaqal yarandı.

– Seriala Osman Sınavla başladınız, lakin sonradan o layihədən ayrıldı. Bu qərarı necə qarşıladınız?

– Onun ayrılmaq qərarına çox təəccübləndik. Açığı, bunu heç gözləmirdik. Hadisələrin normal gedişinə uyğun olmayan qərar idi. Tutaq ki, “Kurtlar Vadisi”ni riskli olduğu üçün buraxdı. Bəs “Ekmek Teknesi”ni niyə tərk etdi? Bunu heç cür anlaya bilmədim.

Osmanla yaxın münasibətimiz var idi. Yeni mövsümə başlayacağımız üçün komanda ilə birlikdə səhər yeməyinə getmişdik. Osman orada əvvəllər heç etmədiyi bir şey etdi. Mikrofonu əlinə alıb dedi: “Serialı tərk edirəm. Gənc dostum Raci Şaşmaza təhvil verirəm”. Hamı şoka düşdü.

– Sizcə, Osman Sınav niyə serialdan ayrıldı?

– Mənim hiss etdiyim bəzi şeylər olub, şahidi olduğum başqa hadisələr də var. Bir gecə səsləndirməyə getdim. Ətrafda çoxlu cip vardı. Müxtəlif adamlar dolaşırdı. Özümə çətinliklə yer tapdım. İçəri girəndə bir-iki nəfər gördüm. Nə baş verdiyini soruşanda toplantı keçirildiyini dedilər. Mən səsləndirməni gözləyərkən toplantı başa çatdı. İnsanlar içəridən çıxdılar. Osman da mənim boylarımda, ağsaçlı bir kişi ilə birlikdə ofisdən aşağı düşdü. Həmin adam məni görəndə salamlaşdı.

Adam getdikdən sonra Osmandan onun kim olduğunu soruşdum. Dedi: “Bu işdə mafiyanın ombudsmanıdır. Hamının arasını düzəldir. Onunla danışmadan heç nə etmirlər”.

Həmin dövrə aid başqa bir hadisə də yadımdadır. Salacakda bir qəhvəxanada çəkiliş edirdik. Osmanın belində silah gördüm. O, təhlükəsizlik tədbiri görürdü. Həmin vaxt serialda mafiyalar arasındakı qarşıdurmalar göstərilirdi. Ombudsmanın gəlməsi də, yəqin ki, bununla bağlı idi.

– Osman Sınav ayrıldıqdan sonra serialda çox şey dəyişdimi?

– Osmandan sonra serial siyasətə yönəlməyə başladı. Türkiyənin müəyyən naməlum məqamlarına doğru getdik. Bu tendensiya getdikcə daha da gücləndi. Ssenari hiss olunacaq şəkildə zəiflədi.

Bölüm çəkilməzdən əvvəl ssenari mənə göndərilirdi. Oxuyanda çox təəccüblənirdim. Məsələn, Yeşilin seriala daxil olmasına nə ehtiyac var idi? Yeşil niyə gəldi? Sonra Prezident niyə ssenariyə daxil edildi? Bunların səbəbini anlamırdıq.

– Serialın sonrakı dövrünü necə qiymətləndirirsiniz?

– Serial Osman Sınavdan sonra sanki Ceyms Bond filminə çevrilmişdi. İngilis agentləri, KQB və FTB obrazları seriala daxil olur, sonra da çıxırdılar. Belə bir yanaşma məncə bizim ölkəmizə uyğun deyildi. Beləliklə, Polat Alemdar da ölkəni xilas edən qəhrəmana çevrilirdi.

– Şaşmaz qardaşları barədə nə deyə bilərsiniz?

– Onlardan çox incimişəm. Mənim fikrimcə, nə ataları, nə də babaları kimi insanlardır. Yaxşı, dürüst və düzgün adamlar deyillər. Tikinti biznesinə girdikləri zaman “Pana Film”də çalışanların da çoxlu pulları gedib. Əmlak sahibi olmaq üçün onlara böyük məbləğlər veriblər. İndi də məhkəməlikdirlər.

Mənə də düzgün münasibət göstərmədilər. Mən 12 il serialda rol aldım. Bölüm başına bazardakı qiymətlərdən çox aşağı qonorarla işlədim. Teatrdan olan tələbələrim də orada oynayırdı. Onlara məndən daha çox pul verirdilər. Raci ilə nə vaxt pul məsələsini danışsam, “Çox pis vəziyyətdəyik” deyirdi.

– Çəkiliş meydançasında sizə qarşı mobbinq tətbiq olunurdu?

– Bəli. Mənə mobbinq tətbiq olunurdu. Yəqin ki, məni ikinci dərəcəli insan kimi görürdülər. Mən həyatımı aktyorluğa həsr etmişəm. İllərlə Dövlət Teatrında çalışmışam. Təsəvvür edin, Necati mənə necə rol oynamağı izah edirdi. Halbuki özü də aktyorluğa bu serialla başlamışdı. Mən illərlə onun mənə necə oynamalı olduğumu deməsinə dözmüşəm. Eqosu o qədər yüksək idi ki, bunun fərqində deyildi.

– Serialdan ayrılmaq istədiyinizi ona necə bildirdiniz?

– Necati məni danışmaq üçün çağırdı. Mənə dedi: “Serialdan çıxmaq istəyirdin. Səni dörd bölümdən sonra çıxaracağıq. Dörd həftə ərzində də maaşını artıracağıq”. Son dörd bölümdə sanki günahlarını yuyurmuş kimi maaşımı artırdılar.

– “Kurtlar Vadisi” ilə bağlı FETÖ araşdırmasının başlanmasına münasibətiniz necədir?

– Araşdırmanın aparılmasını çox doğru hesab edirəm. Həqiqətlər nədirsə, ortaya çıxsın. Əgər yanlış işlər görüblərsə, cəzalarını çəksinlər. Əgər səhv etməyiblərsə, bu vəziyyətdən bəraət qazanaraq çıxsınlar.

Ümid edirəm ki, bundan sonrakı həyatlarında üzüağ olarlar. Çünki bunlar gənc insanlardır və qarşılarında hələ uzun illər var. Allah yollarını açıq etsin.

– “Kurtlar Vadisi”ndə rol aldığınıza görə peşmansınız?

– Bəli, “kaş oynamasaydım” dediyim vaxtlar olub. Amma digər tərəfdən insanların mənə göstərdiyi böyük sevgini görəndə “Yaxşı ki, oynamışam” da deyirəm. Çox narahat olduğum dövrlər oldu. Mobbinqə məruz qaldım. Məni çox aşağı qonorarla işlədirdilər. Mənim heç kimin aldığı pulda gözüm yoxdur. Amma Raci və digərləri məni yola verirdilər. Mənə dəyərsiz insan kimi yanaşırdılar. Bu, böyük hörmətsizlik idi./Globalinfo.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki