Ermənistan Baş naziri Nikol Paşinyanın xaş qonaqlığından görüntüləri müzakirə obyekti olub. Bununla bağlı o, sosial media hesabında paylaşım edib. Baş nazirin yaydığı kadrlardan sonra ənənəvi yemək yenidən gündəmə gəlib.
Ermənilərin xaş hazırlamaq ənənəsi Azərbaycan mətbəxindəki qaydalardan nə ilə fərqlənir? Bu yemək həqiqətən də donuz baş-ayağından hazırlanırmı? Ümumiyyətlə, xaşın tarixi haradan başlayır, hansı coğrafiyada yayılıb?
Referans Media xəbər verir ki, globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov deyib ki, ermənilər xristian olduğu üçün xaşı donuz ətindən də hazırlayırlar:
“Lakin ənənəvi erməni mətbəxində bu yemək əsasən mal və dana ayaqlarından bişirilir. Xaş Qafqazda geniş yayılmış yeməklərdəndir. Onu gürcülər də, azərbaycanlılar da, türklər də hazırlayırlar. Gürcü mətbəxində bu yemək “xaşi” adlanır. Amma tarixi baxımdan Azərbaycan mətbəxi daha qədim və zəngin ənənələrə malikdir. Bu barədə mənbələr də mövcuddur. Məsələn, dahi Azərbaycan şairi Nizami Gəncəvi “İsgəndərnamə” əsərində kəllə-paçanın bişirilməsi və süfrəyə təqdim olunmasından bəhs edib. Bu məlumat XII əsrə aiddir. Deməli, xaş ənənəsinin tarixi həmin dövrdən də əvvələ gedib çıxır və minilliklərə söykənə bilər”.
Ekspert bildirib ki, kəllə-paça və xaş alban-türk mətbəxində də mövcud olub:
“Türkiyədə də kəllə-paça, eləcə də işkəmbə şorbası geniş yayılıb. Türk dünyasında bu yeməklərin qədim ənənələri var və Azərbaycan da həmin mətbəx mədəniyyətinin mühüm hissəsidir. Digər tərəfdən, qədim Azərbaycan torpaqlarında yaşamış albanların da xaşdan istifadə etdiyinə dair məlumatlar var. Buna görə də xaşı yalnız bir xalqa məxsus yemək hesab etmək düzgün yanaşma olmaz. Bu, Qafqaz və türk mətbəxində özünəməxsus yer tutan qədim təamlardandır. Tarixi araşdırmaların da bu yeməyin köklərini qədim türk və alban mətbəx ənənələri ilə əlaqələndirdiyini düşünürəm. Yəni, xaş bütövlükdə Qafqaz və ətraf regionların ortaq kulinariya ənənəsinin bir hissəsidir”.
