Baş ağrıyır, aptekə gedirik, soyuqlayırıq, tanışdan eşitdiyimiz dərmanı alıb içirik. Bəzən qonşunun məsləhəti, bəzən qohumun tövsiyəsi, bəzən də sosial şəbəkələrdə oxuduğumuz məlumat bizi həkimə getmədən müalicəyə başlamağa sövq edir. “Filankəs içib, xeyrini görüb, mənə də kömək edər” deyib eyni dərmanı günlərlə, hətta aylarla qəbul edənlər də az deyil.
Bəs həkim məsləhəti olmadan dərman qəbul etmək hansı fəsadlara yol aça bilər?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, həkim məsləhəti olmadan dərman qəbul etmək çox təhlükəlidir. Onun sözlərinə görə, dərman seçərkən hər kəsin sağlamlıq vəziyyəti nəzərə alınmalıdır:
“Birmənalı şəkildə bilmək lazımdır ki, xəstələrin özbaşına dərman qəbul etməsi qətiyyən məqbul sayılmır və düzgün deyil. Dərman təyin etmək hüququ yalnız həkimə məxsusdur. Həkim bu sahənin mütəxəssisidir və dərman təyinatını da o həyata keçirməlidir. Özbaşına heç kimin, aptekin və ya başqa şəxslərin dərman təyin etməsi, əslində, qanun pozuntusu sayılmalıdır. İnsanların özbaşına dərman alması öz həyatlarını riskə atması deməkdir. Çünki hər dərman preparatı konkret bir və ya bir neçə xəstəliyə aid olsa da, dərman təyin edilərkən xəstənin orqanizmində gedən yanaşı proseslər və fərdi xüsusiyyətlər də nəzərə alınmalıdır”.
Professor soyuqdəymə zamanı sağlam qidalanmağı, təmiz havada gəzməyi, həkim məsləhəti olmadan antibiotik və digər dərmanları qəbul etməməyi tövsiyə edib:
“Soyuqdəymə hallarında və virus infeksiyaları zamanı daha çox immun sisteminin möhkəmləndirilməsinə diqqət etmək lazımdır. İmmun sistemi nə qədər sağlam olarsa, orqanizm xəstəliklərlə bir o qədər yaxşı mübarizə aparar. Bunun üçün vitaminlərlə zəngin qidalar qəbul etmək, meyvə və tərəvəz yemək, fiziki fəallığı artırmaq, təmiz havada gəzmək çox vacibdir. İmmun sistemi sağlam olduğu halda, əlbəttə, xəstəliklərlə mübarizə də asanlaşır.
Özbaşına antibiotiklər qəbul etmək, müxtəlif dərmanlardan istifadə etmək və kiminsə tövsiyəsi ilə bu addımları atmaq qətiyyən məqsədəuyğun deyil”.
