2026-cı il sentyabrın 1-dən etibarən su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqinə başlanılacaq. Yeni qaydaların biznes mühitinə və iqtisadiyyata mümkün təsirləri artıq müzakirə mövzusuna çevrilib. Bəs bu qərar sahibkarların xərclərini artıraraq məhsul və xidmətlərin bahalaşmasına səbəb olacaq, yoxsa su ehtiyatlarının daha səmərəli idarə olunmasına xidmət edəcək?
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu cür ödənişlərin tətbiqi adətən iki paralel təsir yaradır.
Onun sözlərinə görə, bir tərəfdən sahibkarlar üçün istehsal xərcləri arta bilər, çünki su bir çox sahədə əsas resurs hesab olunur.
“Su kənd təsərrüfatı, qida sənayesi, içki istehsalı, tikinti və hətta xidmət sektorunun bir hissəsində əsas resursdur. Xüsusi istifadə üçün ödənişlər tətbiq olunanda müəssisələr bu xərci ya öz büdcələrində kompensasiya etməli, ya da məhsul və xidmət qiymətlərinə əlavə etməli olurlar. Bu da müəyyən hallarda qiymət artımına təzyiq yarada bilər”, – deyə iqtisadçı bildirib.
A.Nəsirli qeyd edib ki, digər tərəfdən bu cür siyasət su ehtiyatlarının daha səmərəli istifadəsini stimullaşdırır.
“Su ‘pulsuz resurs’ kimi qəbul olunmadıqda şirkətlər israfı azaltmağa, daha qənaətli texnologiyalar tətbiq etməyə və təkrar istifadə sistemlərinə keçməyə daha çox motivasiya qazanır. Uzunmüddətli perspektivdə bu, həm ekoloji dayanıqlılığa, həm də resursların düzgün idarə olunmasına xidmət edə bilər”, – deyə o vurğulayıb.
İqtisadçının fikrincə, qısa müddətdə müəyyən sahələrdə xərclər və qiymətlər arta bilər.
“Lakin düzgün tətbiq olunarsa, bu qərar iqtisadiyyatda daha səmərəli resurs istifadəsinə və su çatışmazlığı risklərinin azalmasına kömək edə bilər”, – deyə A.Nəsirli əlavə edib.
Gülnaz Abdullazadə
