Uşaqlarda geniş yayılan göz tənbəlliyi (ambliopiya) vaxtında aşkarlanmadıqda qalıcı görmə itkisinə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, erkən diaqnoz və düzgün müalicə ilə bu problemin tam aradan qaldırılması mümkündür. Xüsusilə 0–8 yaş aralığı müalicə baxımından kritik dövr hesab olunur.
Referans Media xəbər verir ki, Mövzu ilə bağlı açıqlama verən Sağlamlıq Elmləri Universitetinin Göz Xəstəlikləri Ana Bilim Dalının rəhbəri professor Banu Açıkalın qeyd edib ki, göz tənbəlliyi əksər hallarda çəpgözlük, iki göz arasında dioptriya fərqi, yüksək dərəcəli görmə qüsurları, göz qapağı sallanması, anadangəlmə katarakta və buynuz qişa problemləri səbəbindən yaranır. Onun sözlərinə görə, ambliopiya mütləq anadangəlmə olmur və 0–8 yaş dövründə yaranan müxtəlif səbəblərlə də inkişaf edə bilər.
Mütəxəssis uşaqlarda göz sağlamlığının mütəmadi yoxlanılmasının vacibliyini vurğulayaraq bildirib ki, doğuşdan sonra ilkin göz müayinəsi aparılmalı, daha sonra 1–3 yaş, 4–5 yaş (məktəbəqədər dövr) və məktəb illərində nəzarət davam etdirilməlidir.
Göz tənbəlliyi aşkarlanarkən müalicəyə başlamazdan əvvəl əsas səbəbin müəyyən edilməsi vacibdir. Prof. Açıkalının sözlərinə görə, əgər çəpgözlük və ya göz qapağı sallanması kimi problemlər varsa, əvvəlcə onlar aradan qaldırılır. Ardınca isə əsas müalicə üsulu sayılan qapama müalicəsi tətbiq olunur. Bu zaman sağlam göz müəyyən saatlar ərzində bağlanaraq beynin zəif görən gözü aktiv istifadə etməsi təmin edilir. Müalicə müddəti uşağın yaşına və xəstəliyin dərəcəsinə görə gündə 2–6 saat arasında dəyişə bilər.
Bundan əlavə, müasir tibbdə CAM terapiyası, atropinli damcılar və üçölçülü görməni artırmağa yönəlmiş texnoloji üsullardan da istifadə edilir. Mütəxəssislər bildirirlər ki, hansı üsuldan istifadə olunmasından asılı olmayaraq, xəstələrin 17–18 yaşına qədər nəzarətdə saxlanılması vacibdir. Çünki müalicə yarımçıq dayandırıldıqda göz tənbəlliyi yenidən yarana bilər.
Həkimlər xəbərdarlıq edirlər ki, ambliopiya müalicə edilmədikdə bir gözün digərinə nisbətən zəif görməsi qalıcı hala düşür, bu isə insanın gündəlik həyat keyfiyyətini aşağı salır, xüsusilə də üçölçülü görmədə problemlər və travma riskini artırır.
Mütəxəssislər valideynlərə çağırış edərək, uşaqların göz sağlamlığına laqeyd yanaşmamağı və mütəmadi müayinələri gecikdirməməyi tövsiyə edirlər.
