Yəməndə fəaliyyət göstərən İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının Əbha və Ər-Riyad şəhərlərindəki hava limanlarına raket və pilotsuz uçuş aparatları ilə hücum edib.
Referans Media xəbər verir ki, Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinin (GACA) açıqlamasına görə, Əbha Beynəlxalq Hava Limanı və paytaxt Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına son iki gün ərzində həyata keçirilən hücumlar nəticəsində ümumilikdə 3 nəfər ölüb, 36 nəfər yaralanıb.
Əbha Beynəlxalq Hava Limanına endirilən zərbə nəticəsində Mərakeş və Əlcəzair vətəndaşı olan iki qadının həyatını itirdiyi bildirilib. Hücum zamanı Banqladeş və Filippin vətəndaşlarının da aralarında olduğu 28 nəfərin yaralandığı qeyd edilib. Yaralananların vəziyyətinin yüngüldən ağıradək dəyişdiyi açıqlanıb.
Paytaxt Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum nəticəsində isə Sudan vətəndaşı olan bir nəfərin öldüyü bildirilib. Burada 5 Səudiyyə Ərəbistanı, 2 Misir və 1 Pakistan vətəndaşı olmaqla 8 nəfər yaralanıb. Yaralıların vəziyyətinin yüngüldən ağıradək dəyişdiyi qeyd edilib. Hücumlar nəticəsində hava limanlarının ərazisində maddi ziyanın meydana gəldiyi bildirilib.
Səudiyyə Ərəbistanı Mülki Aviasiya Baş İdarəsi təhlükəsizlik qurumları ilə koordinasiyalı şəkildə zərərin qiymətləndirildiyini və sərnişinlərin, eləcə də hava limanı əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin görüldüyünü açıqlayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü, briqada generalı Türki əl-Maliki Ər-Riyada hücumda istifadə edildiyi bildirilən ballistik raket buraxılış platformasının məhv edildiyini açıqlayıb. Onun sözlərinə görə, həmin qurğu Yəmənin paytaxtı Sənada Səudiyyə Ərəbistanına qarşı hücuma hazırlaşdığı vaxt sıradan çıxarılıb.
Husilər isə Ər-Riyad və Əbha şəhərlərindəki hava limanlarının ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alındığını açıqlayıblar.
