Şimali İrlandiyada vəziyyət gərginləşdi: Avtomobillər yandırıldı, türk bərbərxanasına hücum edildi

Şimali İrlandiyanın paytaxtı Belfastda baş verən bıçaqlı hücumdan sonra başlayan etiraz aksiyaları qısa müddətdə iğtişaşlara çevrilib. Etirazçılar bir sıra avtomobilləri və evləri yandırıb, həmçinin türk vətəndaşına məxsus bərbərxanaya hücum ediblər.

Referans Media xəbər verir ki, iyunun 8-də Belfastın şimalında 2023-cü ildə sığınacaq statusu almış Sudan əsilli bir şəxs irlandiyalı vətəndaşa bıçaqla hücum edib. Üz, göz və kürək nahiyəsindən ağır yaralanan şəxs xəstəxanaya yerləşdirilib, 30 yaşlı hücumçu isə hadisə yerində saxlanılıb.

Bu hadisədən sonra ölkənin müxtəlif bölgələrində miqrasiya əleyhinə etiraz aksiyaları başlayıb.

Etirazçılar Böyük Britaniya hökumətinin miqrasiya siyasətini tənqid edərək küçələrə çıxıblar. Lakin aksiyalar qısa müddətdə zorakılıqla müşayiət olunan iğtişaşlara çevrilib.

Maskalı şəxslər Belfastda bələdiyyəyə məxsus avtobusu yandırıb, şəhərin şərq hissəsində isə bir neçə ev və avtomobilə od vurublar.

İğtişaşlar zamanı Ballikler qəsəbəsində fəaliyyət göstərən türk vətəndaşına məxsus bərbərxana da hücuma məruz qalıb. Naməlum şəxslər obyektin qapı və şüşələrini sındıraraq ciddi ziyan vurublar.

Şimali İrlandiya Polis Xidmətinin rəhbər şəxslərindən Rayan Henderson baş verənləri kəskin şəkildə pisləyərək sakinləri sakitliyə çağırıb.

O bildirib ki, ölkədə bu miqyasda küçə iğtişaşları nadir hallarda baş verir və zorakılıq yalnız vəziyyəti daha da ağırlaşdırır.

Şimali İrlandiyanın regional baş naziri Mişel O'Nil isə maskalı şəxslərin ailələrin yaşadığı evləri yandırmasını “alçaq və qəbuledilməz hərəkət” adlandırıb.

Onun sözlərinə görə, Belfastdakı bıçaqlı hücum ağır cinayət olsa da, bu hadisədən istifadə edərək günahsız insanları və miqrantları hədəfə almaq yolverilməzdir.

Böyük Britaniyanın Şimali İrlandiya üzrə naziri Hilary Benn də zorakılığı pisləyərək hüquq-mühafizə orqanlarının işinə mane olunmamasını istəyib.

O vurğulayıb ki, küçələrdə baş verən vandalizm və hücumlar cəmiyyətə zərər vurur, insanların həyatını təhlükə altına qoyur və heç bir halda əsaslandırıla bilməz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki