Su tariflərinin artımı zəncirvari təsir yarada bilər – Ekspert açıqladı

Su qiymətlərinin artırılması məsələsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Tarif dəyişikliyinin iqtisadi əsasları, inflyasiyaya təsiri və sosial nəticələri ilə bağlı suallar aktuallığını qoruyur.

Referans Media-ya açıqlama verən iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, istənilən istiqamətdə qiymət artımı həmişə sosial və ictimai narazılıqlara səbəb olur və belə qərarlar ciddi şəkildə izah edilməlidir. Onun sözlərinə görə, su istehlakında israfçılıq hazırda qıtlıq hiss olunan bir dövrdə vacib amillərdən biridir və məqsəd yalnız qiymət artımı olmamalıdır.

Ekspert qeyd edib ki, burada əsas məsələ düzgün idarəetmə və sahəyə investisiya mexanizmlərinin formalaşdırılmasıdır. Su təminatının bütün ölkə ərazisində əlçatanlığının artırılması, infrastrukturun inkişafı və suyun keyfiyyəti ilə bağlı prosedurların həyata keçirilməsi vacibdir.

Vüqar Oruc vurğulayıb ki, su tariflərinin artımı təkcə əhalinin su istehlakı ilə məhdudlaşmır. Bu artım restoranlara, ictimai iaşə obyektlərinə, istilik xidmətlərinə və digər kommunal xidmətlərə də təsir göstərə bilər. Onun fikrincə, istənilən kommunal xidmət tarifinin artması zəncirvari reaksiyaya səbəb olur və digər xidmət haqlarına da təsir edir.

Ekspert aztəminatlı ailələr üçün müəyyən limit tətbiq olunmasını təklif edib. O bildirib ki, aylıq 10-15 kubmetr həcmində su limiti uyğun qiymətlə təklif oluna bilər, bu həddən yuxarı istehlak isə diferensial qaydada qiymətləndirilməlidir. Bu yanaşma həm suya qənaəti təşviq edə, həm də israfçılığın qarşısını ala bilər.

İqtisadçı əlavə edib ki, qiymət artımının səbəbləri ümumi bahalaşma prosesi ilə bağlıdır. Enerji daşıyıcılarının, ərzaq və qeyri-ərzaq məhsullarının, logistika xərclərinin artımı bütün sahələrə təsir göstərir. Onun sözlərinə görə, xidmət sahələri mövcudluğunu qorumaq və inkişafını təmin etmək üçün Tarif Şurasına müraciət edərək xidmət haqlarının artırılmasını tələb edir və bu artım sektorun yenidən qurulmasına və təkmilləşdirilməsinə xidmət etməlidir.

Vüqar Oruc hesab edir ki, su tariflərinin inflyasiyaya və əhalinin aylıq xərclərinə ilkin mərhələdə ciddi təsiri olmayacaq. Lakin minimum əməkhaqqının səviyyəsi və aztəminatlı ailələrin mövcudluğu nəzərə alınarsa, hər bir manatın büdcəyə təsiri var və bu baxımdan müəyyən təsir mümkündür.

Ekspert aşağı gəlirli ailələr üçün subsidiya və kompensasiya mexanizmlərinin tətbiqinin vacib olduğunu bildirsə də, 2026-cı il üçün bunun real görünmədiyini qeyd edib. Onun sözlərinə görə, hazırda dövlət iqtisadi problemlərin həlli üçün müxtəlif mexanizmlər və layihələr üzərində çalışır və subsidiya məsələsinin müzakirəyə çıxarılması inandırıcı görünmür.

Vüqar Oruc əlavə edib ki, hər tarif artımından sonra xidmət keyfiyyətində real dəyişiklik hiss olunmursa, yeni artımdan da ciddi fərq gözləmək çətindir. Onun fikrincə, yeni idarəetmə mexanizmləri və inkişaf layihələri həyata keçirilmədiyi təqdirdə, keyfiyyət artımı ilə bağlı gözləntilər sual altında qalır.

Ekspert ümid etdiyini bildirib ki, qiymət artımından sonra beynəlxalq təcrübədən yararlanmaqla su təminatında daha dayanıqlı mexanizmlər formalaşdırılacaq, suya qənaət və səmərəli istifadə ilə bağlı tədbirlər planı icra ediləcək.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki