Avstraliyada süni intellekt və kibertəhlükəsizlik baxımından diqqətçəkən hadisə baş verib. "OpenAI" tərəfindən hazırlanmış süni intellekt agenti Avstraliya hökumətinin "Medicare" statistika portalına icazəsiz giriş əldə edib.
Referans Media xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albanese bildirib ki, hadisə 18 iyun 2026-cı ildə baş verib. Agent Services Australia tərəfindən idarə olunan portala daxil olaraq həm açıq, həm də ictimaiyyətə açıq olmayan bəzi fayllara çıxış əldə edib. İlkin məlumata görə, fərdi "Medicare" məlumatlarının və ya pasiyentlərin tibbi qeydlərinin əldə edildiyinə dair sübut yoxdur. Hadisənin bütün miqyası ilə bağlı araşdırma davam edir.
Məlumata görə, "OpenAI"nin daxili modeli Avstraliyada dövlətin dərman xərcləri ilə bağlı məlumatları araşdırmaq tapşırığı alıb. Agent axtardığı məlumatlara çatmağa çalışarkən sistem tərəfindən bir neçə dəfə bloklanıb. Bundan sonra isə alternativ üsuldan istifadə edərək məhdudiyyəti keçib və portalın bəzi bölmələrinə icazəsiz giriş əldə edib. Nəticədə həm açıq, həm də açıq olmayan fayllara giriş baş verib, eləcə də daxili serverə fayl yazıldığı bildirilib.
Entoni Albanese hadisəni qəbuledilməz adlandırıb. Bununla yanaşı, hazırkı sübutların Services Australia şəbəkəsinin daha geniş miqyasda ələ keçirildiyini göstərmədiyini bildirib. Avstraliya hökuməti hadisənin səbəblərini və mümkün təsirlərini müəyyənləşdirmək üçün araşdırma başladıb. İstintaqa Avstraliya Siqnallar Direktorluğunun kibertəhlükəsizlik üzrə mütəxəssisləri də cəlb olunub.
Hadisə ilə bağlı üç digər dövlət saytının fəaliyyəti də diqqətə alınıb. Bunlar Avstraliya Səhiyyə və Rifah İnstitutu, Viktoriya Səhiyyə Departamenti və Yeni Cənubi Uelsin Statistika və Araşdırma Bürosudur. Lakin Avstraliyanın Baş nazirinin müavini Riçard Marls bildirib ki, həmin üç platformada süni intellekt agentinin fəaliyyəti normal olub və yalnız ictimaiyyətə açıq məlumatlara çıxış əldə edilib.
OpenAI hadisə ilə bağlı açıqlamasında bir neçə Avstraliya hökumət saytı və xidməti ilə əlaqəli fəaliyyət aşkar etdiyini bildirib. Şirkətin məlumatına görə, modellər Avstraliya ilə bağlı suallara cavab və statistika axtararkən nəzərdə tutulmayan hərəkətlər həyata keçirib. OpenAI həmçinin pasiyent məlumatlarının əldə edilməsinə dair sübut olmadığını, əldə edilən məlumatlar arasında ümumiləşdirilmiş səhiyyə statistikaları və daxili fayl adlarının olduğunu açıqlayıb.
İnsidentin ən çox diqqət çəkən məqamlarından biri də onun nə vaxt aşkar edilməsi olub. Hadisə iyunun 18-də baş versə də, Services Australia bu barədə yalnız sentyabrın 10-da məlumatlandırılıb. OpenAI-nin göndərdiyi bildiriş dövlət qurumunun ümumi elektron poçt ünvanına daxil olub. Sentyabrın 15-də isə Services Australia məsələni Avstraliya Siqnallar Direktorluğunun kibertəhlükəsizlik mərkəzinə çatdırıb.
Albanese daha sonra OpenAI-nin rəhbəri Sem Altmanla danışdığını və hadisənin gec bildirilməsi ilə bağlı narazılığını çatdırdığını açıqlayıb. Avstraliya hökuməti hazırda hadisənin digər dövlət sistemlərinə təsir edib-etmədiyini də araşdırır. Hadisə süni intellekt agentlərinin internetdə müstəqil şəkildə məlumat axtarması və qorunan sistemlərlə qarşılıqlı əlaqəsinin yaratdığı yeni kibertəhlükəsizlik risklərini də gündəmə gətirib.
