“2026-cı ilin ikinci rübündə qızıldan hazırlanmış zinət əşyalarına qlobal tələbat ötən ilin eyni dövrü ilə müqayisədə 17% azalaraq 278 tona düşüb”.
Referans Media xəbər verir ki, bu barədə Ümumdünya Qızıl Şurası (World Gold Council – WGC) məlumat yayıb.
Bildirilib ki, buna səbəb qızılın yüksək qiyməti olub.
“Qiymətlərin artması istehlakçıları alışların həcmini azaltmağa vadar edib. Zinət əşyalarına qlobal tələbatın dəyəri illik ifadədə 22% artaraq ilin ilk yarısının yekununda 86 milyard dollara çatıb. Lakin satışların fiziki həcmi azalıb”, – deyə WGC bildirib.
Bununla belə, qızıl zinət əşyalarına istehlak xərcləri, xüsusilə bu məhsulların kapitalın qorunması vasitəsi kimi qəbul edildiyi regionlarda yüksək olaraq qalır.
“WGC”nin məlumatlarına görə, yüksək qiymətlər qızıl zinət əşyalarına tələbatın həcmini aşağı salsa da, onların pul ifadəsində dəyəri artmaqda davam edir.
“Çində ikinci rübdə qızıl zinət əşyalarına tələbat illik müqayisədə 28% azalıb. Bu, 2004-cü ildən bəri ikinci rüb üçün ən aşağı göstəricidir.
Hindistanda da tələbat azalıb. İkinci rübdə göstərici 15% azalaraq 75 tona, ilin ilk yarısında isə 17% azalaraq 141 tona düşüb. Bununla belə, Hindistanda qızıl zinət əşyalarına xərclər pul ifadəsində 26% artaraq 21 milyard dollara çatıb.
Yaxın Şərqdə də yüksək qiymətlər səbəbindən tələbat zəif olaraq qalıb. Səudiyyə Ərəbistanında tələbat 8%, Misirdə isə inflyasiya və valyuta məzənnəsindəki dəyişkənlik səbəbindən 14% azalıb. BƏƏ-də isə qızıl zinət əşyalarına tələbat artıq 14 rübdür ardıcıl olaraq azalır.
İndoneziya və Vyetnamda da satışların həcmi aşağı düşüb. Cənubi Koreyada isə tələbat illik ifadədə 6% artıb. Yaponiyada bazar nisbətən sabit qalıb, Avstraliyada isə qlobal tendensiyaya uyğun olaraq tələbat azalıb”.
