Xarici saytlardan mal alanların NƏZƏRİNƏ: onlayn alış-verişlər qadağan ediləcək?

Son illər Azərbaycan vətəndaşlarının xarici onlayn platformalardan alış-verişə marağı nəzərəçarpacaq dərəcədə artıb. Bu tendensiya istehlakçılar üçün daha geniş seçim və münasib qiymətlər təqdim etsə də, yerli ticarətə, ölkədən valyuta axınına və ümumilikdə iqtisadiyyata mümkün təsirləri müzakirə mövzusudur.

Referans Media-nın suallarını cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, xarici onlayn alış-verişin artması istehlakçılar üçün daha geniş seçim, aşağı qiymətlər və rahat alış imkanı yaratsa da, bunun yerli iqtisadiyyata da müəyyən təsirləri var.

Onun sözlərinə görə, istehlakçılar xarici platformalardan daha çox məhsul aldıqca, həmin vəsait ölkədən kənara çıxır və bu da valyuta axınını artırır. Xüsusilə gündəlik istifadə olunan məhsulların böyük hissəsi xaricdən sifariş edilərsə, yerli satıcıların dövriyyəsi və gəlirləri azala bilər.

İqtisadçı qeyd edib ki, bu tendensiya yerli ticarətdə rəqabəti gücləndirir. Bir tərəfdən bu, sahibkarları qiymət, xidmət keyfiyyəti və məhsul çeşidi baxımından daha rəqabətqabiliyyətli olmağa sövq edir. Digər tərəfdən isə kiçik və orta sahibkarların bazardakı mövqeyini zəiflədə, bəzi ənənəvi satış məntəqələrinin fəaliyyətini çətinləşdirə bilər.

Akif Nəsirlinin fikrincə, uzunmüddətli perspektivdə xarici onlayn alış-verişin sürətlə artması daxili istehsalın və pərakəndə ticarətin inkişaf tempinə mənfi təsir göstərə bilər. Yerli müəssisələrin satışlarının azalması məşğulluğa, vergi daxilolmalarına və yeni investisiyalara da təsir edə bilər. Bununla yanaşı, ölkədən valyutanın daha çox çıxması xarici ticarət balansı baxımından da müəyyən risklər yarada bilər.

Bununla belə, ekspert hesab edir ki, bu prosesi yalnız mənfi qiymətləndirmək düzgün olmaz. Onun sözlərinə görə, xarici platformalar yerli biznes üçün də yeni imkanlar yaradır. Sahibkarlar rəqəmsal satış kanallarını inkişaf etdirə, elektron ticarətə keçid edə, xidmət keyfiyyətini yüksəldə və daha rəqabətqabiliyyətli qiymətlər təklif edə bilərlər. Belə olduqda həm yerli bazar güclənər, həm də xarici rəqabət daxili ticarətin daha müasir və səmərəli fəaliyyət göstərməsinə təkan verər.

Akif Nəsirli vurğulayıb ki, əsas məqsəd xarici onlayn alış-verişi məhdudlaşdırmaq deyil, yerli biznesin rəqabət qabiliyyətini artırmaq, elektron ticarətin inkişafını dəstəkləmək və daxili istehsalın gücləndirilməsi üçün əlverişli biznes mühiti yaratmaqdır. Onun sözlərinə görə, bu halda həm istehlakçılar daha keyfiyyətli xidmət əldə edər, həm də iqtisadiyyat üçün yarana biləcək risklər minimuma endirilə bilər.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki