Rayonda gilas zibilliyə atılır, Bakıda isə “od qiymətinə” satılır – ŞOK SƏBƏB

Mövsümi meyvələrin rayonlarda ucuz qiymətə satıldığı, bəzi hallarda isə fermerlərin məhsulu zərərə uğramamaq üçün tullantıya atdığı halda, eyni məhsulların Bakıda bir neçə dəfə baha qiymətə təklif olunması diqqət çəkir. Ekspertlər bu ziddiyyətin əsas səbəblərindən birinin satış və logistika zəncirindəki problemlər olduğunu bildirirlər.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Referans Media-ya açıqlamasında bildirib ki, meyvələrin rayonlarda ucuz, paytaxtda isə baha satılmasının əsas səbəbi məhsulun istehsalçıdan istehlakçıya qədər keçdiyi satış zənciridir.

Onun sözlərinə görə, fermer məhsulu ağacdan yığdıqdan sonra onu uzun müddət saxlamaq imkanına malik olmur. Xüsusilə soyuducu anbarı olmayan və məhsulunu birbaşa bazara çıxara bilməyən kəndlilər gilas, ərik və digər meyvələri aşağı qiymətə vasitəçilərə satmağa məcbur qalırlar.

“Fermer məhsulu ağacdan yığdıqdan sonra onu uzun müddət saxlamaq imkanına malik olmur. Soyuducu anbarı olmayan və ya məhsulunu bazara birbaşa çıxara bilməyən kəndli məhsulunu çox aşağı qiymətə vasitəçilərə satmağa məcbur qalır. Alıcı tapılmadıqda isə məhsul xarab olduğu üçün onu zibilə atmaqdan başqa çıxış yolu qalmır”, – deyə Akif Nəsirli bildirib.

Ekspert qeyd edib ki, məhsul paytaxta çatana qədər bir neçə vasitəçinin əlindən keçir. Daşınma, çeşidləmə, qablaşdırma, saxlanma, bazar və mağaza xərcləri ilə yanaşı, vasitəçilərin qazancı da son qiymətə əlavə olunur.

Nəticədə fermerdən ucuz qiymətə alınan meyvə Bakıda istehlakçıya bir neçə dəfə baha qiymətə təklif edilir.

Mövsümün sonu da qiymətlərə təsir edir

Akif Nəsirli hazırda gilas, ərik və albalının təbii mövsümünün başa çatmaq üzrə olmasının da qiymətlərə təsir etdiyini bildirib.

Onun sözlərinə görə, bazarlarda və marketlərdə satışda olan məhsulların həcmi əvvəlki aylara nisbətən azalıb. Təklifin azalması qiymətlərin yüksək qalmasına səbəb olur. Bununla yanaşı, məhsuldarlığın aşağı olması səbəbindən həmin meyvələrin mövsüm ərzində də qiyməti yüksək olub.

Ekspert bildirib ki, satışda olan meyvələrin bir hissəsi soyuducu anbarlarda saxlanılan məhsullardır. Bu səbəbdən onların saxlanma xərcləri də son satış qiymətinə əlavə olunur.

“Məhsul bir tərəfdə tullantıya çevrilir, digər tərəfdə isə baha satılır”

Sosial şəbəkələrdə tonlarla gilasın zibilliyə atıldığını göstərən görüntülərə də münasibət bildirən Akif Nəsirli bunun bazarda planlaşdırma və logistika problemlərinin göstəricisi olduğunu deyib.

Onun fikrincə, məhsulun bol olduğu dövrdə onun emalı, saxlanması və bazarlara vaxtında çatdırılması düzgün təşkil edilmədikdə fermer ciddi zərərə məruz qalır.

“Bir tərəfdə məhsul tarlada və ya bağda dəyərini itirir, digər tərəfdə isə şəhər alıcısı həmin məhsulu yüksək qiymətə almağa məcbur qalır”, – deyə iqtisadçı vurğulayıb.

Problemin həlli necə mümkündür?

Akif Nəsirli hesab edir ki, problemin aradan qaldırılması üçün fermerlərin satış kooperativləri genişləndirilməli, müasir soyuducu anbarların sayı artırılmalı, meyvə emalı sənayesi inkişaf etdirilməli və istehsalçı ilə istehlakçı arasında vasitəçilərin sayı azaldılmalıdır.

Ekspertin sözlərinə görə, bu addımlar atılarsa, fermer məhsulunu zərərə satmaq məcburiyyətində qalmaz, istehlakçı isə mövsümi meyvələri daha münasib qiymətə əldə edə bilər.

Beləliklə, mövcud vəziyyət göstərir ki, rayonlarda ucuz, Bakıda isə baha meyvə satılmasının əsas səbəbi yalnız məhsulun miqdarı ilə bağlı deyil. Burada satış, logistika, saxlama və emal sistemindəki problemlər də mühüm rol oynayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki