Tramp Çindədir! Dünyanın taleyini dəyişəcək 3 GÜN...

ABŞ Prezidenti Donald Trampın Çinə rəsmi dövlət səfəri beynəlxalq siyasətdə diqqət mərkəzinə çevrilib. Səfər çərçivəsində İran məsələsi, Tayvan problemi və yeni texnologiyalar sahəsində əməkdaşlığın əsas müzakirə mövzuları olacağı bildirilir.


Referans Media-ya açıqlama verən politoloq Elşad Hüseynov bildirib ki, Donald Trampın Çinə səfəri əvvəlcədən planlaşdırılsa da, İran ətrafında yaranan gərginlik səbəbindən təxirə salınmışdı:


“Artıq Tramp Çindədir və onu rəsmi şəkildə qarşılayıblar. Qarşıdakı günlərdə Xi Jinping ilə əsas görüşlər keçiriləcək. Hesab edirəm ki, əsas müzakirə mövzuları İran məsələsi, yeni texnologiyaların inkişafı və Tayvan problemi olacaq”.


Politoloq qeyd edib ki, Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir, ABŞ isə Tayvana dəstək verir:
“Çin Tayvanı ayrıca dövlət kimi yox, vahid Çin dövlətinin bir hissəsi kimi görür. ABŞ isə Tayvana dəstək verir və bu məsələ iki ölkə arasında əsas gərginlik nöqtələrindən biridir”.


Elşad Hüseynovun sözlərinə görə, ABŞ-İran münasibətlərindəki gərginlik də danışıqlarda xüsusi yer tutacaq:


“ABŞ İranın nüvə proqramının dayandırılmasını tələb edir, İran isə bundan imtina edir. Bu isə bölgədə yenidən hərbi qarşıdurma riskini artırır. Çin İranın strateji tərəfdaşı olduğuna görə hesab edirəm ki, Tramp və Xi Jinping arasında bu məsələ ciddi şəkildə müzakirə olunacaq”.


Politoloq bildirib ki, hazırda dünyanın əsas supergücləri ABŞ və Çindir:


“Əvvəllər Rusiya da əsas güclərdən biri hesab olunurdu. Amma Ukrayna müharibəsindən sonra həm iqtisadi, həm də hərbi baxımdan zəifləyib. Bu gün əsas qlobal rəqabət ABŞ və Çin arasında gedir”.


Ekspert əlavə edib ki, yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinin də Çinə səfəri gözlənilir:


“Bu səfərdə Rusiya-Çin əlaqələrinin daha da gücləndirilməsi və yeni qaz kəməri layihələrinin müzakirəsi gözlənilir. Çin hazırda Rusiya üçün əsas iqtisadi tərəfdaşlardan biridir”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki