Trampdan İrana ultimatum: İndi bunun bədəlini ödəyəcəklər

ABŞ Prezidenti Donald Tramp İranla bağlı indiyədək ən sərt açıqlamalarından birini verib. Tramp İranın hərbi imkanlarının ciddi zərbə aldığını iddia edərək Tehran rəhbərliyini vaxt itirməkdə və diplomatik fürsətləri boşa verməkdə günahlandırıb.

Referans Media xəbər verir ki, Trampın sözlərinə görə, İran Silahlı Qüvvələri hazırda ciddi böhran yaşayır.

O bildirib: “İran ordusunda tam qarışıqlıq hökm sürür. Donanmasının və hava qüvvələrinin böyük hissəsi artıq yoxdur. Onlar məğlub olublar.”
ABŞ lideri bu iddialarla İranın hərbi potensialının əhəmiyyətli dərəcədə zəiflədiyini vurğulamağa çalışıb.

Tramp çıxışında İranın regional siyasətini də hədəf alıb. Onun sözlərinə görə, Tehran uzun illər bölgədə təhdid siyasəti yürüdüb, lakin artıq əvvəlki təsir imkanlarını itirib: “İran yalnız danışır, amma əməli fəaliyyət göstərmir. Yaxın Şərqin zorbası öldü.”

Bu ifadələr Vaşinqton və Tehran arasında onsuz da yüksək olan gərginliyi daha da artırıb.

ABŞ Prezidenti İranın nüvə proqramı və digər məsələlərlə bağlı mümkün razılaşma proseslərinə də toxunub.

Tramp bildirib ki, Tehran rəhbərliyi Vaşinqtonun təklif etdiyi şərtləri qəbul etmək üçün çox uzun müddət gözləyib:

“Onlar üçün çox əlverişli ola biləcək bir razılaşmanı müzakirə etmək üçün həddindən artıq vaxt sərf etdilər. İndi bunun bədəlini ödəyəcəklər.”

Son günlər ABŞ və İran arasında qarşılıqlı ittihamlar, hərbi əməliyyatlar və sərt bəyanatlar regionda narahatlığı artırıb. Analitiklər hesab edirlər ki, tərəflər arasında diplomatik kanalların açıq saxlanılması mümkün daha genişmiqyaslı qarşıdurmanın qarşısını almaq baxımından həlledici əhəmiyyət daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki