Türkiyədə şəhərlərarası sərnişindaşıma sahəsində fəaliyyət göstərən bir şirkət aylıq 100 min lirə maaşla avtobus sürücüsü axtardığını elan edib. Elan böyük marağa səbəb olarkən, namizədlər üçün xüsusi tələblər də açıqlanıb.
Referans Media xəbər verir ki, şirkət şəhərlərarası avtobus reyslərində çalışmaq üçün yüksək maaş təklif etdiyi sürücü vakansiyası üzrə namizədlərdən bir sıra meyarları yerinə yetirməyi tələb edir.
Elana əsasən, müraciət edən şəxslər:
30-55 yaş aralığında olmalı;
siqaret istifadə etməməli;
sürücülük zamanı mobil telefondan istifadə etməməli;
məhkumluğu və hüquqi problemi olmamalı;
ölüm və ya xəsarətlə nəticələnən yol qəzasında iştirak etməməli;
sürücülük vəsiqəsindəki cərimə balı 40-dan aşağı olmalıdır.
Bundan əlavə, namizədlərdən avtovağzal (peron) təcrübəsi, sağlamlıq arayışı və İstanbul, İzmir və ya Mersin şəhərlərindən birində yaşamaq şərti tələb olunur.
Avtobus sürücülərinin iş rejimi də gündəmə gəldi
Yüksək maaşlı vakansiya ilə yanaşı, avtobus sürücülərinin qanuni iş saatları da diqqət çəkib. Qaydalara əsasən, avtobus sürücüsü fasiləsiz olaraq maksimum 4,5 saat nəqliyyat vasitəsi idarə edə bilər. Bu müddətdən sonra ən azı 45 dəqiqə fasilə vermək məcburidir.
Sürücülər bu fasiləni istəsələr, ən azı 15 dəqiqəlik hissələrə bölərək də istifadə edə bilərlər.
Qanunvericiliyə görə, bir avtobus sürücüsü 24 saat ərzində ümumilikdə maksimum 9 saat sükan arxasında ola bilər. Həmçinin sürücülər hər 24 saatlıq dövrdə ən azı 11 saat fasiləsiz istirahət etməlidirlər.
Bu qaydalar nəqliyyat vasitələrindəki taxoqraf cihazları vasitəsilə rəqəmsal şəkildə izlənilir. Qaydaları pozan sürücülər yoxlamalar zamanı inzibati cərimələrlə üzləşə bilərlər.
