Fransanın Oranj şəhərində dəhşətli hadisə baş verib. Həyat yoldaşı ilə evdəki karton qutulara görə mübahisə edən kişi qutuları açdıqda içərisində 5 körpənin çürümüş cəsədi ilə qarşılaşıb. Hadisə ölkədə böyük rezonans doğurub və genişmiqyaslı araşdırma başladılıb.
Referans Media xəbər verir ki, Fransanın cənubunda yerləşən Oranj şəhərində baş verən hadisə 32 yaşlı qadının güclü qarın ağrısı şikayəti ilə xəstəxanaya aparılmasından sonra üzə çıxıb.
Məlumata görə, cütlük evdəki bəzi karton qutularla bağlı mübahisə edib. Mübahisə zamanı qadının səhhəti pisləşib və həyat yoldaşı onu xəstəxanaya aparıb.
Kişi daha sonra evə qayıdaraq mübahisəyə səbəb olan qutuları yoxlamaq qərarına gəlib. O, ikinci mərtəbədə böyük plastik torbanın içərisinə yerləşdirilmiş karton qutuları açarkən dəhşətli mənzərə ilə qarşılaşıb.
Qutuların içində 5 körpənin çürümüş cəsədini aşkar edən kişi qalıqları xəstəxanaya aparıb. Xəstəxana rəhbərliyi dərhal polisə məlumat verib.
Hamiləliklərini gizlətdiyi iddia olunur
Fransız mediasında yer alan iddialara görə, qadın daha əvvəl üç dəfə hamilə qaldığını həyat yoldaşından gizlədib və bunu inkar edib.
Prokurorluğun açıqlamasında kişinin ifadəsində həyat yoldaşının mümkün hamiləliklərindən xəbərsiz olduğunu bildirdiyi qeyd olunub. Onun ifadəsi alındıqdan sonra sərbəst buraxıldığı bildirilib.
Körpələrin ölüm səbəbi araşdırılır
Məhkəmə-tibb ekspertləri tapılan qalıqların 5 fərqli körpəyə aid olduğunu təsdiqləyib. Körpələrin nə vaxt və hansı səbəbdən öldüyünü müəyyənləşdirmək üçün genişmiqyaslı ekspertiza və yarılma (autopsiya) keçiriləcək.
Yeni doğuş etdiyi ehtimal olunan 32 yaşlı qadının müalicəsi xəstəxanada davam edir. O, hələ saxlanılmayıb və ifadəsi alınmayıb.
Cütlüyün 8 və 12 yaşlı iki övladı isə uşaq müdafiə xidmətləri tərəfindən dövlət himayəsinə götürülüb.
