Türkiyədə kredit kartları ilə bağlı yeni qaydalar gündəmə gəlib. Bank Tənzimləmə və Nəzarət Qurumunun (BDDK) qərarına əsasən, kredit kartları üzrə minimum ödəniş həddi təxminən 2 min manatdan 4 min manata yüksəldilib. Yeni qaydalara görə, limiti 4 min manatadək olan kartlarda minimum ödəniş borcun 20 faizi, bu məbləğdən yüksək limitli kartlarda isə 40 faizi təşkil edəcək.
Referans Media xəbər verir ki, BDDK-nın 1 oktyabr 2026-cı il tarixli qərarı ilə kredit kartları üzrə minimum ödənişin hesablanmasında istifadə olunan limit həddi dəyişdirilib. Yeni qaydalara əsasən, kredit kartının limiti 4 min manat və ya daha azdırsa, istifadəçi hesablaşma dövrü üzrə borcunun ən azı 20 faizini ödəməlidir. Kartın limiti 4 min manatı keçdikdə isə minimum ödəniş dərəcəsi 40 faiz olacaq.
Əvvəlki qaydalara əsasən, limiti 2 min manatdan çox olan kredit kartlarında minimum ödəniş dərəcəsi 40 faiz idi. Yeni həddin 4 min manata qaldırılması 2 min–4 min manat aralığında limitə malik kart istifadəçilərinin minimum ödəniş yükünü azaldır. Məsələn, kredit kartının limiti 3 200 manat, hesablaşma dövrü üzrə borcu isə 800 manatdırsa, əvvəl minimum ödəniş 320 manat təşkil edirdi. Yeni qaydaya əsasən, bu məbləğ 160 manata düşür.
Bankların müştərilərin kredit kartı limitlərini rəsmi sənədlərlə təsdiqlənən gəlirlərinə uyğunlaşdırması da nəzərdə tutulur. Yeni yanaşmaya əsasən, banklar müştərinin yalnız öz qurumlarındakı deyil, digər banklardakı kredit kartı limitlərini də nəzərə almalıdırlar. Məqsəd ümumi kredit kartı limitlərinin şəxsin gəlir səviyyəsi ilə uyğunluğunu təmin etməkdir.
Qaydalara əsasən, müxtəlif banklardakı kredit kartlarının ümumi limiti 16 min manatı keçən istifadəçilər üçün müəyyən şərtlər daxilində limitlərin azaldılması nəzərdə tutulur. Ümumi limiti 30 min manatdan yüksək olan şəxslər üçün isə daha yüksək azaldılma meyarları müəyyən edilib. Ümumi limiti 16 min manat və ya daha az olan istifadəçilərin bu limit azaldılması tədbirindən təsirlənməyəcəyi bildirilir.
Bankların kredit kartı limitlərini müştərilərin gəlirləri və müxtəlif banklardakı ümumi limitləri ilə uyğunlaşdırmaq istiqamətində işləri 1 yanvar 2027-ci ilədək başa çatdırması nəzərdə tutulur.
Beləliklə, Türkiyədə kredit kartlarından istifadə edən şəxslər üçün həm minimum ödəniş qaydaları, həm də limitlərin müəyyənləşdirilməsi meyarları dəyişir.
