Türkiyədə dövlətə məxsus üç iştirak bankının – Ziraat Katılım, Vakıf Katılım və Halk Katılımın vahid struktur altında birləşdirilməsi istiqamətində işlər davam edir. Birləşmədən sonra bankların yeni adla fəaliyyət göstərməsi planlaşdırılır. Proses çərçivəsində iki bankın səhmlərinin Türkiyə Varlıq Fondu tərəfindən alınması ilə bağlı əməliyyatlar artıq tamamlanıb.
Referans Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 5-də keçirilən III İstanbul Dünya İslam İqtisadiyyatı Sammitində üç dövlət iştirak bankının birləşdiriləcəyini açıqlamışdı. O, həmin vaxt Ziraat, Vakıf və Halk Katılım banklarının güclərini birləşdirməsi nəticəsində sektorun yeni inkişaf mərhələsinə qədəm qoyacağını bildirmişdi.
Birləşmə prosesində mühüm addımlardan biri Türkiyə Varlıq Fondunun ötən ay həyata keçirdiyi əməliyyat olub. Fondun 100 faizlik törəmə şirkəti olan TVF Katılım Finans Yatırımları AŞ Ziraat Katılım və Halk Katılım banklarının bütün səhmlərini əldə edib. Türkiyə Varlıq Fondunun açıqlamasına görə, müvafiq hüquqi və tənzimləyici prosedurlar başa çatdıqdan sonra səhmlərin ötürülməsi üzrə əməliyyatlar tamamlanıb.
Ziraat Katılım, Vakıf Katılım və Halk Katılımın birləşmədən sonra vahid struktur altında və yeni adla xidmət göstərməsi nəzərdə tutulur. Lakin yeni bankın adı və birləşmənin yekun tarixləri hələ açıqlanmayıb. Birləşmə nəticəsində dövlət iştirak banklarının maliyyə imkanlarının genişləndirilməsi, əməliyyat səmərəliliyinin artırılması və sektorda rəqabət qabiliyyətinin gücləndirilməsi hədəflənir.
Bu plan Türkiyədə 2020-ci ildə sığorta sektorunda həyata keçirilən yenidənqurmanı xatırladır. Həmin vaxt Ziraat Sigorta, Halk Sigorta və Güneş Sigorta vahid strukturda birləşdirilərək “Türkiye Sigorta” brendi yaradılmışdı. İndi oxşar modelin iştirak bankçılığı sahəsində tətbiqi nəzərdə tutulur. Üç bankın vahid strukturda fəaliyyət göstərməsi ilə daha böyük maliyyə imkanlarına malik qurumun yaradılması və iştirak maliyyəsinin inkişafına töhfə verilməsi gözlənilir.
