Məsciddə çəkdiyi videoya görə aktrisa susqunluğunu pozdu - Foto-Video

Türkiyəli aktrisa Çiğdem Batur Sultanahmet məscidində çəkdiyi videoda işlətdiyi “ayaq qoxusu” və “rüsvay oluruq” ifadələrinə görə barəsində araşdırma başlanmasından sonra ilk dəfə açıqlama verib. 

Referans Media haberler.com-a istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu aktrisanın Sultanahmet məscidində çəkdiyi videoda səsləndirdiyi fikirlərə görə Türkiyə Cinayət Məcəlləsinin 216-cı maddəsi əsasında onun barəsində öz təşəbbüsü ilə araşdırmaya başlayıb.

Bundan sonra Çiğdem Batur yazılı açıqlama yayaraq sözlərinin yanlış anlaşıldığını düşündüyü məqamlara aydınlıq gətirib.

“Son günlər Sultanahmet məscidində etdiyim paylaşım ətrafında yaranan müzakirələri görürəm. İlk növbədə bildirmək istəyirəm ki, sözlərimin məqsədi hər hansı dini, ibadət edən insanları və ya müqəddəs məkanı hədəf almaq olmayıb. Diqqət çəkmək istədiyim məsələ həm ibadət, həm də turizm məqsədilə ziyarət edilən tarixi məkandakı gigiyena və havalandırma problemi idi”, – deyə aktrisa bildirib.

Sultanahmet məscidi və Ayasofyanın Türkiyənin tarixi və mədəni irsindəki əhəmiyyətinə toxunan Batur fikirlərini belə davam etdirib:

“Bildiyiniz kimi, Sultanahmet məscidi və Ayasofya təkcə bizim tarixi və mədəni irsimizin deyil, həm də Türkiyənin dünyaya açılan ən mühüm simalarından biridir. Paylaşdığım videoda bu dəyərli məkanları ziyarət edən yerli və xarici turistlərin ölkəmizdən hansı təəssüratla ayrıldıqları ilə bağlı narahatlığımı ifadə etmək istədim. İfadə tərzimin müxtəlif şəkildə şərh olunmasını anlayıram. Hər kəsin öz fikrini ifadə etmək hüququna da hörmətlə yanaşıram”.

Aktrisa müzakirələrdən sonra məsələ ilə bağlı aidiyyəti qurumların nümayəndələri ilə də görüşdüyünü açıqlayıb.

Onun sözlərinə görə, görüş zamanı narahatlığının düzgün başa düşüldüyünü görüb və qaldırdığı problemin həlli üçün lazımi addımların atılacağı barədə məlumat alıb.

“Məsələ ilə bağlı səlahiyyətli şəxslərlə keçirdiyim görüşdə həssaslığımın düzgün anlaşıldığını görmək və qaldırdığım problemin həlli üçün lazımi addımların atılacağını öyrənmək məni çox sevindirdi. Bu məsələdə ən qısa zamanda müsbət nəticənin olacağına inanıram”, – deyə Batur qeyd edib.

Aktrisa açıqlamasının sonunda ünvanına yönələn tənqidlərə də münasibət bildirib.

O, fərqli fikirlərə və tənqidlərə hər zaman açıq olduğunu, lakin təhqir, təhdid və şəxsi hüquqlarını pozan paylaşımlara qarşı qanuni hüquqlarını qoruyacağını vurğulayıb.

“Heç kimin öz fikrini ifadə etmək hüququ başqasının şərəf və şəxsi hüquqlarını pozmaq azadlığı demək deyil”, – deyə Çiğdem Batur bildirib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki