Avropa Komissiyası 13 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan edən qanun layihəsi hazırlayıb.
Qanuna görə, 3-13 yaşlı uşaqlar sosial mediadan istifadə edə bilməyəcəklər, lakin valideynləri və ya qəyyumları tərəfindən idarə olunan hesablar vasitəsilə onlar üçün uyğunlaşdırılmış xidmətlərə daxil ola biləcəklər. 13-15 yaşlı uşaqlar üçün valideyn nəzarəti təklif olunur: onlar valideynlərinin hesablarına bağlı "mini-hesablar" vasitəsilə sosial media və video platformalardan istifadə edə biləcəklər.
Qanuna görə, yetkinlik yaşına çatmayanların profilləri standart olaraq gizli olmalı və geolokasiya, kamera və mikrofona giriş deaktiv edilməlidir. Onlayn xidmətlər həmçinin yetkinlik yaşına çatmayanlara istifadəçiləri bloklamaq və onlardan gələn bildirişləri deaktiv etmək üçün sadə alətlər, eləcə də onların onlayn keçirdikləri vaxtı idarə etmək üçün alətlər təqdim etməlidir.
Qanun baxılması üçün Avropa Parlamentinə və Şuraya təqdim edilib.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen qanunu təqdim edərkən qeyd edib ki, "çox sayda uşaq çox erkən onlayn dünyanın təsirinə məruz qalır və onlar orada davranmağa hazır deyillər". Onun sözlərinə görə, Avropadakı gənclər gündə orta hesabla 4-6 saat ekran qarşısında, 10 yaşından əvvəl sosial mediadan istifadə etməyə başlayanlar isə gündə təxminən 7-8 saat vaxt keçirirlər.
"Bu gün uşaqlarımız indiyə qədər yaradılmış ən qabaqcıl texnologiyalardan bəziləri ilə qarşılıqlı əlaqədə olurlar. Lakin bu texnologiyalar uşaqların rifahı və inkişafı nəzərə alınmadan yaradılıb", - deyə o bildirib.
"Sosial medianın inkişaf edən beyinə və yeni yaranan şəxsiyyətə vurduğu zərəri təsdiqləyən geniş dəlil bazası mövcuddur", - deyə fon der Leyen əlavə edib. Uşaqlar üçün mənfi nəticələr arasında o, yuxusuzluq, depressiya, narahatlıq, asılılıq davranışı və özünə zərər vermə kimi amilləri qeyd edib.
"Uzun müddətdir ki, platformalar uşaqlarımızın əqli sağlamlığına məsuliyyətsiz yanaşırlar. İndi... onlar bizə xidmətlərinin təhlükəsiz olduğunu sübut etməlidirlər", - deyə Aİ komissarı bildirib.
Von der Leyen qeyd edib ki, “Uşaqlar qanunu” vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, valideynlər, müəllimlər, uşaq psixiatrları, ictimai səhiyyə mütəxəssisləri, nevroloqlar və texniki mütəxəssislər daxil olmaqla 60-dan çox mütəxəssisdən ibarət xüsusi panelin tövsiyələri əsasında hazırlanıb. Qanunun hazırlanmasında oxşar tədbirlər tətbiq edən Avstraliya və digər ölkələrin təcrübəsi də nəzərə alınıb./Musavat.com
