“8 avqust 2025-ci ildə Vaşinqton Sülh Zirvəsi və orada Azərbaycan Prezidenti İlham Əliyev və mənim tərəfimdən qəbul edilmiş, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış birgə bəyannamə nəticəsində Ermənistanla Azərbaycan arasında sülh bərqərar oldu. Ən əsası isə, sülh təkcə kağız üzərində və mediada deyil, həm də torpaqlarda bərqərar oldu və Ermənistan və Azərbaycan xalqlarına yeni təhlükəsizlik hissi verdi”.
Referans Media “Unikal”a istinadla xəbər verir ki, bu barədə Paşinyan Hessen Sülh Mükafatını aldığı mərasimdə çıxışı zamanı bildirib.
“Sülhə gedən əsl yol 2024-cü ilin yazında, postsovet tariximizdə ilk dəfə olaraq Ermənistanla Azərbaycan arasında sərhəd delimitasiyası prosesi baş verdikdə başladı. O vaxtdan bəri sərhəd hadisələri nəticəsində hər iki tərəfdən heç bir itki olmayıb ki, bu da 1990-cı illərin əvvəllərindən bəri görünməmiş bir hadisədir.
2024-cü ildə Ermənistan və Azərbaycan dövlətlərarası əhəmiyyətli ilk sənədi – İki ölkənin Sərhəd Delimitasiyası və Demarkasiyası Komissiyalarının Birgə Fəaliyyəti haqqında Əsasnaməni imzalamış və təsdiqləmişdir. Bu o deməkdir ki, Ermənistan və Azərbaycan iki Sovet respublikasının ərazilərinə uyğun olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyırlar. Bu prinsip, həmçinin, xarici işlər nazirlərimizin Vaşinqton Sülh Sammiti zamanı parafladığı Ermənistan və Azərbaycan arasında Sülhün Qurulması və Dövlətlərarası Münasibətlər haqqında Sazişdə də təsbit edilmişdir. Bu sazişin paraflanması və Vaşinqton Sülh Bəyannaməsinin qəbul edilməsi Ermənistan-Azərbaycan münasibətlərində tarixi bir dönüş nöqtəsi oldu. Bu baxımdan, şəxsi iştirakı və liderliyi həlledici olan ABŞ Prezidenti Donald Trampa minnətdarlığımı bildirmək istərdim.
Həmçinin, bu mükafata layiq olan Azərbaycan Prezidenti İlham Əliyevə də minnətdarlığımı bildirmək istərdim. O cümlədən, Ermənistan və Azərbaycan xalqlarına minnətdarlığımı bildirmək istərdim. Münaqişənin yaratdığı çətinliklərə, insan itkilərinə və əzablara baxmayaraq, onlar keçmişi dəyişdirə bilməyəcəklərini, lakin bu günü və gələcəyi dəyişdirə biləcəklərini anlayaraq, sonsuz görünən münaqişə əvəzinə sülh, rifah və əməkdaşlıq perspektivini seçərək sülhü qəbul etdilər, dəstəklədilər”, – deyə Paşinyan qeyd edib.
