​Vətəndaşlara PİS XƏBƏR: Kommunal xərclər yenidən artırılır

İnternet tariflərinin artırılmasından sonra kommunal xidmətlərin – qaz, işıq və suyun qiymətlərində də artım ehtimalı müzakirə olunur. Bəs ilin sonunadək Tarif Şurasının bu sahələr üzrə qiymət dəyişikliyinə getməsi üçün hansı iqtisadi səbəblər əsas ola bilər?

Məsələ ilə bağlı Referans Media-ya açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, ilk növbədə əhalinin gəlirlərinin bu artımları qarşılamaq gücündə olub-olmayacağı məsələsi açıq şəkildə ortaya qoyulmalıdır:

“Qazın, işığın, suyun, internetin qiyməti ardıcıl yüksəlirsə, ailə büdcəsinin üzərinə yeni yük qoyulur. Gəlirlər eyni sürətlə artmadığı halda isə söhbət sadəcə tarif dəyişikliyindən getmir, insanların real alıcılıq qabiliyyətinin zəifləməsindən gedir.

Tarif Şurası hər hansı artımı yalnız kommunal müəssisələrin xərcləri ilə əsaslandıra bilməz. Cəmiyyət bilməlidir ki, bu müəssisələrin real maya dəyəri nə qədərdir, itkiləri hansı səviyyədədir, subsidiyalar nə qədərdir, idarəetmə və səmərəlilik baxımından hansı tədbirlər görülüb? Müəssisənin bütün əlavə xərclərini birbaşa istehlakçının hesabına yazmaq ən asan yoldur. Amma tarif siyasətinin əsas yükünü vətəndaş daşıyacaqsa, bunun iqtisadi və sosial əsaslandırması tam şəffaf olmalıdır.

Digər məsələ ondan ibarətdir ki, kommunal tarif artımı yalnız kommunal ödənişlərlə məhdudlaşmır. Elektrik və qaz bahalaşanda istehsalçının, sahibkarın, xidmət sektorunun xərci artır. Bu xərc son nəticədə məhsul və xidmətlərin qiymətinə keçir. Yəni vətəndaş həm daha yüksək kommunal haqq ödəyir, həm də gündəlik istehlak səbətində əlavə bahalaşma ilə üzləşə bilər.

Ona görə tarif qərarlarında əhalinin gəlir dinamikası ayrıca və konkret rəqəmlərlə göstərilməlidir. Real gəlirlər nə qədər artıb? Kommunal xərclərin ailə büdcəsində payı nə qədər yüksəlib? Yeni tarif orta statistik ailəyə ay ərzində neçə manat əlavə yük gətirəcək? Bu suallara cavab verilmədən tarif artımını yalnız “iqtisadi zərurət” kimi təqdim etmək kifayət deyil.

Əgər ilin sonunadək qaz, işıq və su tariflərinə yenidən baxılması planlaşdırılırsa, cəmiyyətə ilk növbədə bu artımın hesabı göstərilməlidir. Vətəndaşın gəliri artımın qarşısında dayanacaq səviyyədə deyilsə, hər yeni tarif qərarı ailə büdcəsinə əlavə təzyiq deməkdir.

Kommunal xidmətlərin maliyyə dayanıqlığı vacibdir, amma bu dayanıqlığın bütün yükü istehlakçının üzərinə qoyulmamalıdır. Tarif siyasətində əsas prinsip insanların ödəmə qabiliyyətinin qorunması və qiymət artımı ilə gəlir artımı arasında real balansın təmin edilməsidir”.

Gülnaz Abdullazadə 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki