Valideynlər, DİQQƏT: uşaqlarınızı bu oyunlardan qoruyun

Məlumdur ki, dünya ölkələrinin bir çoxunda olduğu kimi Azərbaycanda da uşaqları ölümə sürükləyən internet oyunları mövcuddur

Bunlardan “Mavi balina”, “roblox” kimi oyunlar bir çox uşağın mobil telefonunda rast gəlinməkdədir.

Bir neçə gün əvvəl Paytaxtın Binəqədi rayonunda baş verən 13 yaşlı qızın müəmmalı ölümü bu təhlükənin yenidən qayıtmasını gündəmə gətirdi. Azyaşlının valideynləri övladlarının telefonunda qorxulu görüntülər olduğunu dilə gətirdilər. Bəziləri bunun “mavi balina”, “roblox” oyunu, ya da buna bənzər bir oyun ola biləcəyini də istisna etmir.

Uşaqları bu təhlükəli oyunlardan uzaqlaşdırmaq üçün təhsil müəssisələri xüsusi ilə ümumtəhsil məktəblərində nə kimi qabaqlayıcı tədbirlər görülməlidir? Həmçinin valideynlərin bu mənada üzərinə hansı məsuliyyətlər düşür?

Bu mövzuyla bağlı Psixotrapevt Arzu Hüseynzadə REFERANS-ın suallarını cavablandırıb:

Uzman Klinik Psixoloq, Psixoterapevt, Ailə Danışmanı- Arzu Hüseynzadə İlk olaraq bildirib ki, qeyd etmək lazımdır ki, yeniyetmələr arasında baş verən intihar hallarını təkcə kompüter və telefon oyunları ilə əlaqələndirmək düzgün olmazdı. Burada söhbət yalnız “Mavi Balina” və ya “Roblox”dan getmir. Sosial şəbəkələrdə izlənilən qısa videolar, qorxulu səhnələr, yaşa uyğun olmayan filmlər və ümumilikdə zərərli rəqəmsal kontentə uzun müddət məruz qalmaq uşağın psixikasına ciddi təsir göstərir. Və hətta nəzərə alsaq ki, sosial şəbəkələrdə uşaqların qarşısına çıxan videolar təsadüfi şəkildə deyil — baxış və axtarış tarixçəsinə uyğun olaraq alqoritm tərəfindən seçilir və uşaq izləmək istəməsə belə, bənzər məzmunlar yenə də qarşısına çıxa bilir. Beynəlxalq araşdırmalar göstərir ki, gün ərzində həddindən artıq sosial media və oyun istifadəsi yeniyetmələrdə depressiya və özünəqəsd düşüncələrinin riskini artırır, xüsusilə də ailə ilə emosional bağlılığın zəif olduğu mühitlərdə bu cür manipulyativ internet məzmunlarına qarşı uşaqlar daha həssas və təsirə açıq olurlar. Yeniyetməlik dövrü elə bir mərhələdir ki, düşüncələr formalaşır, emosional dalğalanmalar intensivləşir, uşaq həyatın mənasını sorğulamağa başlayır. Bu dövrdə psixoloji dayanıqlıq zəif olduğundan, internetdə rast gəlinən manipulyativ məzmunlar uşağın reallıq duyumunu təhrif edə və onu riskli davranışlara sürükləyə bilər. Burada ən önəmli məqamlardan biri də media orqanlarının bu kimi xəbərləri hansı formada təqdim etməsidir. Psixologiyada “kopya intihar effekti” deyilən bir anlayış var: hər hansı hadisə xəbərlərdə geniş və sensasiya xarakterli yayımlandıqda, bu, eyni yaş qrupunda olan digər uşaqlarda maraq və təqlid ehtimalını artırır.

Daha sonra müsahibimiz vurğulayıb ki, təsəvvür edin: xəbərdə “X oyun yeniyetməni intihara gətirib çıxardı” deyilir və bu xəbər digər yeniyetmənin qarşısına çıxır. Həmin uşağın ağlında dərhal “görəsən, bu hansı oyundur?” kimi maraq yaranır. 5 uşaqdan 1–2-si maraq səbəbi ilə oyunu yükləyə bilər. Daha sonra oyuna aludə olub-olmaması isə artıq riski daha da artırır. Məncə, bütün bu prosesdə əsas amil məktəbdən əvvəl ailə mühitidir. Valideyn uşağa nə dərəcədə diqqət göstərir? Onun psixoloji vəziyyətini nə qədər izləyir? Söhbət uşağı sıxmaqdan və ya qadağalarla qorumaqdan getmir. Əsas olan açıq, etibarlı, mühakiməsiz münasibət yaratmaqdır. “Mavi Balina” kimi oyunlarda uşağa verilən tapşırıqların mahiyyəti ondan ibarətdir ki, uşaq qorxu altına alınır: “Ailənə desən, onlara zərər verəcəyəm” və ya “Tapşırığı yerinə yetirməsən, ailənə ziyan olacaq. ” Yeniyetmənin psixikası üçün bu, çox ağır yükdür. Uşaq belə vəziyyətdə özünü tək və çıxılmaz hiss edir. Əgər ailə ilə münasibətdə etibar zəifdirsə və uşaq anlaşılmayacağından qorxursa, o zaman problemi heç kimə demir və özünü çıxış yolu kimi qurban verməyə meyllənə bilir. Uşaqların çəkdiyi qorxulu şəkillər və ya telefonlarında saxladıqları təsirli görüntülər çox vaxt onların daxili aləmindən xəbər verir. Çünki uşağın çəkdiyi rəsmlər onun qorxuları, yaşantıları, ətrafla bağlı təsəvvürləri barədə ciddi siqnallar verə bilir. Təbii ki, bütün ailələrdə ideal mühit olmur. Elə uşaqlar var ki, evdə yetərincə emosional dəstək görmür. Bu halda məktəb rolunun nə qədər mühim olduğu danılmazdır. Məktəblərdə profilaktik tədbirlər, psixoloji görüşlər və davamlı müşahidə sisteminin qurulması uşaqlardakı risk faktorlarını vaxtında aşkar etməyə imkan verir. Erkən müdaxilə isə, sözün əsl mənasında, həyat qurtarıla bilər. Bu günün reallığında uşağı telefondan tam uzaqlaşdırmaq mümkün deyil. Amma valideyn nəzarəti tam olmalıdır. Uşağın telefonunda yaşına uyğun rejim qurulmalı, istifadə müddəti məhdudlaşdırılmalı və valideyn bu prosesi daim izləməlidir. Burada valideynlərin üzərinə düşən ən kritik məsuliyyət xəbərdarlıq əlamətlərini vaxtında görməkdir. Valideynlər diqqətli olmalıdırlar: ● uşaq sizinlə danışır, amma daim harasa tələsir və söhbətdən qaçırsa, ● daha çox otağında tək vaxt keçirməyə üstünlük verirsə, ● fikri dağınıqdırsa, diqqəti azalırsa, ● iştahı azalıbsa və yuxu rejimi pozulubsa, ● daha aqressiv olub kiçik şeylərə tez reaksiya verirsə – bunlar psixoloji təhlükənin xəbərdarlıq əlamətləri ola bilər. Bu dəyişikliklər valideyn-övlad münasibətinin zəiflədiyini, uşağın daxili olaraq nələrsə ilə mübarizə apardığını göstərə bilər.

“Son olaraq həmsöhbətimiz qeyd edib ki, məktəblərdə də valideynlərlə maarifləndirici görüşlər keçirilməli, xüsusən yeniyetməlik dövründə risklər haqqında ailələr məlumatlandırılmalıdır və bunlar edilməkdədir. Uşaq və yeniyetmə psixologiyasına dair marifləndirmə həm ailə, həm məktəb, həm də uşaq üçün daha təhlükəsiz mühit yaradır. Araşdırmalar da bunu təsdiqləyir ki, profilaktik psixoloji görüşlər və valideyn maarifləndirilməsi tətbiq olunan məktəblərdə yeniyetmələr arasında özünəqəsd davranışları statistik olaraq azalmasına təsir göstərmişdir”,-deyə Psixoterapevt Arzu Hüseynzadə əlavə edib.

Ləman Xalıqova Referans.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki