Valideynlərə ŞAD XƏBƏR: Dövlət özəl bağçanın pulunu da ödəyəcək – Tarix açıqlandı

Məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi ilə bağlı yeni tədris ilində bir sıra yeniliklər tətbiq olunur. Valideynlər bu ildən dövlət bağçaları ilə yanaşı, sistemdə təqdim olunan müəyyən özəl məktəbəqədər təhsil müəssisələrindən də seçim edə biləcəklər. Dövlət tərəfindən özəl bağçalarda təhsil haqqının müəyyən hissəsinin qarşılanması da yeniliklər sırasında yer alır.

Təhsil eksperti Rəşad Cabbarov Referans Media-ya açıqlamasında məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat prosesi, tətbiq olunan yeniliklər və valideynlərin diqqət etməli olduğu məqamlar barədə danışıb.

Qeydiyyat sentyabrın 14-də başlayacaq

Ekspertin sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat 14 sentyabr saat 15:00-da başlayacaq və 25 sentyabr saat 15:00-dək davam edəcək. Qeydiyyat prosesi mygov platforması üzərindən həyata keçiriləcək.

Rəşad Cabbarov bildirib ki, builki sistemin valideynlər üçün əsas üstünlüklərindən biri dövlət bağçaları ilə yanaşı, müəyyən özəl məktəbəqədər təhsil müəssisələrini də seçmək imkanının yaradılmasıdır.

“Bu ilki sistemin valideynlərə qazandırdığı ən böyük üstünlük odur ki, onlar təkcə dövlət bağçalarında yer axtarmağa məcbur deyillər. Eyni zamanda özəl bağça seçimlərindən də istifadə edə bilərlər. Lakin bu imkan bütün özəl bağçalara şamil edilmir. Valideynlər yalnız sistemə daxil olduqda qarşılarına çıxan özəl təhsil müəssisələrini seçə biləcəklər.

Bu ildən etibarən özəl təhsil müəssisələrini seçmək imkanının yaradılması valideynlərin seçim şansını artırır. Həmçinin məktəbəqədər təhsil sahəsində dövlət və özəl sektorun əməkdaşlığı daha da genişlənəcək”, – deyə ekspert qeyd edib.

Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq

Rəşad Cabbarovun sözlərinə görə, hazırkı mexanizmə əsasən, Bakı şəhərində seçilmiş bağçalarda 350 manatadək, regionlarda isə 250 manatadək olan təhsil haqqı dövlət tərəfindən qarşılanacaq.

Ekspert xüsusilə vurğulayıb ki, bu vəsait valideynlərə nağd şəkildə ödənilmir. Ödəniş birbaşa müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisəsinin hesabına köçürülür.

“Burada valideynlərin əsas diqqət etməli olduğu məqam odur ki, bu məbləğ heç bir halda valideynə nağd şəkildə verilməyəcək. Söhbət müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrində təhsil haqqının dövlət tərəfindən qarşılanmasından gedir. Yəni ödəniş birbaşa təhsil müəssisəsinin hesabına köçürülür.

Xüsusilə vurğulamaq istəyirəm ki, 250 və 350 manat məbləğində vəsait yalnız dövlət tərəfindən qarşılanan təhsil haqqının yuxarı həddini təşkil edir”, – deyə Rəşad Cabbarov bildirib.

Valideynlər istənilən özəl bağçanı seçə bilməyəcək

Ekspert valideynlərin qarşısında yaranan əsas suallardan birinin istənilən özəl məktəbəqədər təhsil müəssisəsini seçib-seçə bilməmələri ilə bağlı olduğunu deyib.

Onun sözlərinə görə, seçim yalnız sistemdə təqdim olunan müəssisələr arasında aparıla bilər:

“Valideyn istədiyi özəl müəssisəni seçə bilməz. Yalnız sistemə daxil olduqda orada hansı özəl təhsil müəssisələri çıxırsa, həmin müəssisələrdən birini seçə biləcək”.

Rəşad Cabbarov qeydiyyat zamanı daxil edilən məlumatların düzgünlüyünə əmin olmağın vacibliyini də diqqətə çatdırıb. O, valideynlərə seçim zamanı yalnız maliyyə məsələsini deyil, bağçanın yaşayış ərazisinə yaxınlığını da nəzərə almağı tövsiyə edib.

“Qeydiyyat zamanı daxil edilən bütün məlumatların doğruluğuna əmin olmaq lazımdır. Seçim edərkən valideynlər daha çox maliyyə tərəfinə deyil, yaşadıqları əraziyə yaxın olan təhsil müəssisələrinə üstünlük verməlidirlər”, – deyə ekspert vurğulayıb.

Yeni mexanizm valideynlərin seçim imkanlarını genişləndirir

Ekspertin fikrincə, tətbiq olunan yeni qaydalar məktəbəqədər təhsilin daha əlçatan olması və xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm addımdır. Dövlət dəstəyinin müəyyən özəl müəssisələrə şamil edilməsi valideynlərin seçim imkanlarını genişləndirir.

Beləliklə, sentyabrın 14-dən başlayacaq qeydiyyat prosesində valideynlərin sistemdə təqdim olunan seçimləri diqqətlə nəzərdən keçirməsi, məlumatları düzgün daxil etməsi və bağçanın yerləşdiyi ərazini nəzərə alması tövsiyə olunur.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki