Vəba epidemiyası səbəbindən 12 nəfər ölüb

Mozambikdə vəba (xolera) epidemiyası yayılmaqda davam edir. Gündəlik 135 yeni yoluxma qeydə alınarkən, xəstəlik səbəbilə 12 nəfərin həyatını itirdiyi bildirilib.

Referans Media xəbər verir ki, Milli Xalq Sağlamlığı İdarəsinin açıqlamasına görə, ölkə üzrə 3 sentyabr 2025-ci il – 27 yanvar 2026-cı il tarixləri arasında 3 min 91 yoluxma aşkarlanıb və 36 ölüm qeydə alınıb.

Məlumata əsasən, 28 yanvar tarixində qeydə alınan 135 yeni yoluxma və 12 ölümlə birlikdə ümumi yoluxma sayı 3 min 226-ya, epidemiyadan ölənlərin sayı isə 48-ə yüksəlib.

Epidemiyanın bölgələr üzrə yayılmasına görə Nampula vilayəti 1 576 yoluxma və 19 ölümlə ilk sıradadır.

Mozambik hökuməti sentyabr ayında təsdiqlənmiş təxminən 418,5 milyon avroluq fəaliyyət planı ilə 2030-cu ilə qədər vəbanı ölkədə ictimai səhiyyə problemi olmaqdan çıxarmağı hədəfləyir.

“Vibrio” bakteriyasının səbəb olduğu, qida və su vasitəsilə yayılan vəba şiddətli ishal və bədəndə ciddi su itkisinə yol açır. Xəstəlik vaxtında müalicə edilmədikdə ölümcül ola bilər. Təmiz suya çıxışın məhdud olması və tibbi müdaxilənin vaxtında və effektiv aparılmaması xəstəlik və ölüm riskini artırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki