Yaxın Şərqdə gərginlik artır: Pakistan müharibəyə qoşuldu?

Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin Yəməndə İranın dəstəklədiyi husilərə qarşı keçirilən hərbi əməliyyatlarda iştirak etdiyi bildirilir. Pakistanlı rəsmilərə istinadən yayılan məlumata görə, İslamabadın hərbi dəstəyi əsasən hava əməliyyatlarına və husilərin pilotsuz uçuş aparatları (PUA) və raket təhdidlərinin zəiflədilməsinə yönəlib.

Referans Media xəbər verir ki, “New York Times” qəzetinə danışan yüksək vəzifəli pakistanlı hərbi mənbə ölkəsinin əməliyyatlarda hava qüvvələri ilə iştirak etdiyini bildirib. Bununla belə, Pakistan ordusu məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Məlumata görə, Pakistanın hərbi rolu Yəməndə birbaşa quru əməliyyatlarına qatılmaqdan daha çox hava dəstəyi göstərmək üzərində qurulub. Pakistanlı mənbə ölkəsinin husilərin PUA və raket imkanlarını zəiflətməyə fokuslandığını qeyd edib.

Lakin əməliyyatlara neçə döyüş təyyarəsinin cəlb olunduğu, hansı hədəflərin vurulduğu və hava zərbələrinin nə vaxt başladığı açıqlanmayıb. Bu səbəbdən Pakistanın əməliyyatlardakı iştirakının miqyası barədə dəqiq məlumat yoxdur.

ABŞ ordusunun keçmiş attaşesi və Müdafiə Kəşfiyyatı İdarəsinin sabiq analitiki Devid O. Smit “New York Times”a açıqlamasında Səudiyyə Ərəbistanında təxminən 8 min pakistanlı hərbçinin yerləşdirildiyini bildirib.

Məlumata əsasən, həmin qüvvələr arasında Pakistan Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və quru qoşunlarına bağlı hava hücumundan müdafiə bölmələri də var. Smitin sözlərinə görə, onların əsas vəzifəsi Səudiyyə Ərəbistanının neft infrastrukturunu qorumaqdır.

Keçmiş ABŞ rəsmisi Pakistanın İranla diplomatik münasibətlərdə tarazlığı qorumağa çalışdığını nəzərə alaraq, pakistanlı hərbçilərin husilərə qarşı birbaşa quru döyüşlərinə qatılmasının az ehtimallı olduğunu qiymətləndirib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki