Azərbaycanda iyunun 15-dən etibarən rəsmi olaraq yay çimərlik mövsümünə start verilib. Lakin havaların isinməsi ilə paralel olaraq, hər il sosial şəbəkələrdə fərqli platformalarda və kütləvi müzakirələrdə bu dövrün "batmaq mövsümü" kimi vahiməli bir ifadə ilə assosiasiya olunması cəmiyyətdə haqlı narahatlıq yaradır. Çünki statistika xüsusilə iyun-avqust aylarında dənizdə, çaylarda və müxtəlif su hövzələrində boğulma hallarının kəskin şəkildə pik həddə çatdığını göstərir. İnsanların kütləvi olaraq istirahət zonalarına axın etməsi fonunda elementar təhlükəsizlik tədbirlərinə laqeyd yanaşılması bəzən geri dönüşü olmayan faciəli ssenarilərə rəvac verir. Ekspertlərin və sahə mütəxəssislərinin təhlillərinə görə, sularda yaranan əsas ölüm riskləri bir neçə fundamental istiqamətdə qruplaşır. Bu risklərin başında isə vətəndaşların Fövqəladə Hallar Nazirliyi tərəfindən nəzarət olunmayan, xilasetmə məntəqələrindən uzaq və çimmək qadağan edilmiş vahiməli sahil zolaqlarından istifadə etməsi dayanır. Belə təhlükəli zonalarda hər hansı bədbəxt hadisə zamanı operativ xilasetmə və təxirəsalınmaz tibbi müdaxilə qeyri-mümkün hala gəlir. Bununla yanaşı, bir çox insanın öz fiziki imkanlarını və fərdi üzmə bacarıqlarını düzgün qiymətləndirməyərək dərin dalğalı sulara daxil olması, habelə spirtli içki qəbul etdikdən dərhal sonra dənizə girməsi boğulma faktlarının əsas rəsmi səbəbləri kimi qeyd olunur. Çaylardakı gizli və güclü sualtı axınlar, göllərdəki ani dərinlik dəyişiklikləri və Xəzərdə küləkli hava şəraitində yaranan güclü dalğalar da təhlükə reytinqini maksimuma çatdırır. Ekspertlər xəbərdarlıq edirlər ki, sadə ehtiyat tədbirlərinə vaxtında əməl etməklə yay boyunca qeydə alınan bu ağır insan itkilərinin qarşısını tamamilə almaq mümkündür.
Referans Media xəbər verir ki ,məsələ ilə bağlı NOCOMMENT.az-a danışan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili qeyd edib ki, nazirliyin apardığı intensiv kütləvi maarifləndirmə və nəzarət tədbirlərinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən çimərliklərdə təhlükəsizlik qaydalarının pozulması hələ də acı nəticələrə səbəb olur: "Biz hələ aprel ayından etibarən yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə sahilboyu ərazilərdə genişmiqyaslı monitorinqlərə başlamışdıq. Bu monitorinqlərin əsas məqsədi istifadəyə tamamilə yararsız, relyefi təhlükəli və nəzarətsiz olan sahil zonalarını müəyyənləşdirmək və çimərlik operatorlarına rəsmi xəbərdarlıq bildirişləri təqdim etmək olub. Eyni zamanda, xidmətimizin nəzarət etdiyi çimərliklərdə və IDEA İctimai Birliyinin təşəbbüsü ilə qurulmuş pulsuz ictimai çimərliklərdə professional dalğıclarımız vasitəsilə sualtı müayinələr və təmizləmə işləri həyata keçirilib. Dənizdə insanların təhlükəsiz üzmə sərhədlərini göstərən xüsusi qırmızı nişanlar (buylar) quraşdırılıb və sahildə maarifləndirici lövhələr yerləşdirilib. Mayın 15-dən xidmət əməkdaşlarımız gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və biz çimərlik mövsümünə texniki və kadr baxımından tam hazır vəziyyətdəyik. Lakin hər bir vətəndaş anlamalıdır ki, xilasedicilərin fiziki olaraq fəaliyyət göstərmədiyi və 'çimmək qadağandır' nişanı olan nəzarətsiz ərazilərə daxil olmaq birbaşa həyatı riskə atmaq deməkdir".
Onun sözlərinə görə, sularda bədbəxt hadisələrin sıfıra endirilməsi üçün çimərlik mədəniyyətində qoyulan qəti qadağalara və daxili nizam-intizam qaydalarına sözsüz əməl edilməsi mütləq şərtdir: "Vətəndaşlarımızdan tələbimiz və xahişimiz odur ki, çimərlik seçərkən daxili təhlükəsizlik infrastrukturuna və xilasedici postların mövcudluğuna diqqət yetirsinlər. Xüsusilə vurğulamaq istəyirəm ki, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara doğru üzmək, küləkli və dalğalı havada dənizə daxil olmaq, hava qaraldıqdan sonra suya girmək və qızmar günəş altında uzun müddət fasiləsiz qaldıqdan sonra temperatur fərqi nəzərə alınmadan qəfil dərinliyə atılmaq qətiyyən yolverilməzdir. Ən böyük faciələr isə sərxoş halda çimərlikdə olmaq və azyaşlı uşaqları sahildə və ya suda tamamilə nəzarətsiz buraxmaq səbəbindən qeydə alınır. Valideynlər bir saniyə belə uşaqları diqqətdən kənarda saxlamamalı, xilasedicilərin səsgücləndiricilər vasitəsilə etdiyi çağırışlara və qanuni tələblərə dərhal, sözsüz əməl etməlidirlər. Unutmaq olmaz ki, su xətaları bağışlamır və sadə qaydalara ciddi riayət etməklə biz bu yay mövsümünü faciəsiz, xoş istirahətlə başa vura bilərik".
