Ukraynada yerləşən və hazırda Rusiya ordusunun nəzarətində olan Avropanın ən böyük nüvə obyekti – Zaporojye Atom Elektrik Stansiyası (AES) növbəti dəfə pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Referans Media xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) məlumat yayıb.
Məlumata görə, stansiyada fəaliyyət göstərən BAEA müfəttişləri hücuma məruz qalan turbin binasının xarici hissəsində zədələr aşkar ediblər. Araşdırma zamanı binanın yuxarı hissəsində yerləşən metal platformanın zərər gördüyü, həmçinin ərazidə dağıntı qalıqları və yanmış optik lif parçalarının tapıldığı bildirilib.
BAEA nümayəndələri hadisənin təfərrüatlarını araşdırarkən yaxınlıqda PUA səsləri və onlara qarşı açılan atəş səsləri eşidilib. Bundan sonra beynəlxalq missiya üzvləri təhlükəsizlik məqsədilə sığınacaqlara yönləndirilib.
Agentliyin yaydığı açıqlamada qeyd olunub ki, hazırda stansiyada radiasiya səviyyəsi normal həddə qalır.
BAEA-nın baş direktoru Rafael Mariano Grossi baş verən hadisəni ciddi təhlükə kimi qiymətləndirib. O bildirib ki, nüvə obyektlərinə qarşı hücumlar qəbuledilməzdir və belə addımlar potensial nüvə qəzası riskini artırır.
Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası Rosatom isə hücumun Ukraynaya məxsus pilotsuz uçuş aparatı tərəfindən həyata keçirildiyini iddia edib. Qurumun məlumatına görə, PUA stansiyanın enerji bloklarından birinin turbin binasına dəyib və nəticədə partlayış baş verib. Hadisə zamanı əsas avadanlıqlar zərər görməsə də, binanın divarında deşik əmələ gəlib.
Qeyd edək ki, Zaporojye Atom Elektrik Stansiyası 2022-ci ilin mart ayından etibarən Rusiya qüvvələrinin nəzarəti altındadır və müharibə dövründə dəfələrlə hücum və təxribat təhlükəsi ilə gündəmə gəlib.
