Zelenskidən Mask və Trampa qarşı sərt açıqlamalar: ABŞ-dan bunu tələb etdi

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı sahibkar İlon Maskı və ABŞ Prezidenti Donald Trampı tənqid edib, Vaşinqtondan Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin konkret sənədlə təsdiqlənməsini tələb edib.

Referans Media “RIA Novosti”yə istinadən  xəbər verir ki, Zelenski bu barədə CNN telekanalına müsahibəsində İlon Maskın “Starlink” sisteminin işinin zəiflədilməsi ilə bağlı ittihamlarına münasibət bildirərkən danışıb.

“Biz çox ciddi olmalıyıq, təkcə çox varlı olmaq kifayət deyil. Bu adamlar çox güclüdürlər. Birləşmiş Ştatlarda hər şeyi yalnız pul həll etmir”, – deyə Ukrayna lideri bildirib.

Müsahibə zamanı telekanal onun bu fikirlərini səsləndirdiyi an İlon Maskın və Donald Trampın bir neçə fotosunu nümayiş etdirib.

Payızın əvvəlindən etibarən Zelenski ABŞ-ı üç dəfə Ukrayna ərazisində “Starshield” sisteminin fəaliyyətini məhdudlaşdırmaqda ittiham edib. Məlumatlara görə, aparatların saatda 160 kilometrdən yüksək sürətlə hərəkəti zamanı rabitə kəsilib. ABŞ rəsmiləri isə bu məsələyə aidiyyətlərinin olmadığını bildirib və ya texniki nasazlıqlara istinad ediblər.

Bundan əvvəl İlon Mask “X” sosial şəbəkəsində öz şirkətinin Kiyevə minlərlə pulsuz “Starlink” antenası göndərməklə və onların xidmətinə hər ay milyonlarla dollar ödəməklə səhvə yol verdiyini bildirən paylaşımı yenidən yayımlayıb.

Zelenski eyni müsahibədə Donald Trampın Ukrayna üçün təklif etdiyi təhlükəsizlik zəmanətlərini də tənqid edib. Söhbət NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər təminatlardan gedir.

“Cavablar sadəcə sözlərlə ifadə edilməməli və ya gözəl səslənməməlidir: “Əlbəttə, heç kim sizi tərk etməyəcək”. Bu, kağız üzərində olmalıdır. Hələlik mən belə addımları kağız üzərində görmürəm”, – deyə Zelenskinin sözlərini TSN telekanalı yayımlayıb.

Ukrayna Prezidenti ölkəsinə təhlükəsizlik zəmanətlərinin mümkün qədər uzun müddətə, “ən azı onilliklərə” verilməsini istədiyini vurğulayıb. Onun sözlərinə görə, müvafiq mexanizm Tramp ABŞ prezidentliyindən getdikdən sonra da qüvvədə qalmalıdır.

Qeyd edək ki, NATO Nizamnaməsinin 5-ci maddəsi alyans üzvlərindən birinə hücum edildiyi təqdirdə kollektiv müdafiəni nəzərdə tutur.

Bundan əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirmişdi ki, Ukraynanın NATO-ya daxil olmasının yolverilməzliyi ilə bağlı Rusiyanın tələbini Kiyev qanuni hesab etdikdən sonra təhlükəsizlik zəmanətləri məsələsini müzakirə etmək mümkün olacaq.

ABŞ Prezidenti Donald Tramp isə münaqişə başa çatana qədər bu mövzunu müzakirə etməyə hazır olmadığını bəyan edib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki