10 il gizləndi, sonda ələ keçdi – Ərdoğana sui-qəsdin iştirakçısı həbs edildi

Türkiyədə 2016-cı il 15 iyul dövlət çevrilişi cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğana Marmarisdə həyata keçirilməsi planlaşdırılan sui-qəsddə iştirak edən, 10 il ərzində qırmızı bülletenlə axtarılan FETÖ üzvü Burkay Karatepe həbs edilib.

Muğla Baş Prokurorluğunun koordinasiyası ilə Afyonkarahisar, Eskişehir və Muğla polis idarələrinin keçirdiyi birgə əməliyyat nəticəsində Afyonkarahisarda saxlanılan Karatepe istintaq hərəkətlərindən sonra Muğlaya aparılıb.

O, polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra gücləndirilmiş təhlükəsizlik tədbirləri altında məhkəməyə çıxarılıb. Prokurorluqda ifadə verdikdən sonra məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, 15 iyul 2016-cı ildə FETÖ-nün dövlət çevrilişi cəhdi zamanı Ərdoğanın qaldığı Marmarisdəki hotelə silahlı hücum edilib, Prezidentin mühafizə polisi Mehmet Çətin və Marmaris Polis İdarəsinin əməkdaşı Nedip Cengiz Eker həlak olub.

Hücumdan sonra meşəlik əraziyə qaçan sui-qəsd qrupu 17 gün davam edən axtarışlardan sonra ələ keçib.

Muğla 2-ci Ağır Cəza Məhkəməsinin hökmü ilə sui-qəsdin təşkilatçıları da daxil olmaqla 31 nəfər 4 dəfə ağırlaşdırılmış ömürlük, 3 nəfər bir dəfə ağırlaşdırılmış ömürlük, daha 6 nəfər isə ömürlük həbs cəzasına məhkum edilib. Prezidentin keçmiş baş yavəri Əli Yazıcı da ağırlaşdırılmış ömürlük həbs cəzası alıb.

Qaçaq vəziyyətində olan keçmiş kapitan Burkay Karatepe isə avqustun 1-də Afyonkarahisarda saxlanılıb./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki