39 yaşlı Messi dünyaya bir daha bunu sübut etdi - Olimpiya çempionu Elnur Məmmədli

“Dünya çempionatı başlayanda iki komandam var idi – biri İspaniya, digəri Argentina. Amma ürəkdən Argentinaya azarkeşlik edirəm və istəyirəm ki, onlar çempion olsunlar”.

Referans Media Teleqraf-a istinadla xəbər verir ki, Olimpiya çempionu, ikiqat Avropa çempionu və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli deyib.

O, DÇ-2026-nın yarımfinal mərhələsində Argentinanın İspaniyanı 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazandığı oyunla bağlı fikirlərini bölüşüb:

"Çox möhtəşəm oyun alındı. Doğrudan da, Argentina komandasından 39 yaşlı Lionel Messi dünyaya bir daha səs saldı, göstərdi ki, gəlmiş-keçmiş ən yaxşı futbolçudur”.

E.Məmmədli FIFA-nın Argentinaya dəstək olduğuna dair səsləndirilən iddialara da münasibət bildirib:

“Düşünürəm ki, Argentina finala layiqincə yüksəldi və ümid edirəm ki, dünya çempionu olacaq. Məncə, fərqli fikirlərin səsləndirilməsi normaldır. Güclü komanda həmişə müzakirə olunur və ən güclünü hər kəs sevmir. Bunun səbəbi azarkeş rəqabətidir. Kimisi Kriştianu Ronaldonun, kimisi Kilian Mbappenin azarkeşidir. Amma göz önündə olan odur ki, 39 yaşlı Messi möhtəşəm oyunu ilə komandasını finala çıxardı".

İdmançı final görüşü barədə gözləntilərindən də danışıb:

“Düşünürəm, şanslar 50/50-dir. Çünki ispanlar da yarımfinalda Fransaya qarşı yaxşı oyun göstərdilər (2:0). Həmçinin Argentina da İngiltərəyə qarşı əzmkar oyun göstərdi. Hər iki tərəf səhv axtaracaq və o boşluqdan yararlanan komanda dünya çempionu olacaq".

Qeyd edək ki, DÇ-2026-nın finalında keçiriləcək Argentina – İspaniya görüşü iyulun 19-da baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki