Türkiyənin Sakarya şəhərində baş verən hadisə böyük rezonans doğurub. Sakarya Təhsil və Araşdırma Xəstəxanasının təcili yardım şöbəsində çalışan tibb bacısı H.Ç.-nin yaşadığı mənzildə məişət tullantıları ilə yanaşı tibbi tullantıların da aşkarlanması inzibati araşdırmaya səbəb olub.
Referans Media xəbər verir ki, Serdivan rayonunun Kemalpaşa məhəlləsində yerləşən yaşayış binasının sakinləri uzun müddətdir mənzildən yayılan kəskin qoxudan narahat olduqları üçün ev sahibinə və aidiyyəti qurumlara müraciət ediblər.
Şikayətlərdən sonra mənzilə daxil olan ev sahibi qarşılaşdığı mənzərədən şoka düşüb. Mənzilin demək olar ki, tamamilə zibillə dolu olduğu, məişət tullantıları arasında isə xəstəxanadan gətirildiyi ehtimal olunan tibbi tullantıların da olduğu bildirilib. Ev sahibi mənzilin vəziyyətini videoya çəkərək ictimaiyyətlə paylaşıb.
Hadisədən sonra tibb bacısı H.Ç. barəsində inzibati araşdırma başladılıb. Evdə tibbi tullantıların aşkarlanması səbəbindən o, araşdırma müddətində vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb.
Məlumatda qeyd olunur ki, H.Ç.-də əşyaları həddindən artıq toplama pozuntusu (dispozofobiya) ola biləcəyi ehtimal edilir. Bununla bağlı da araşdırmalar davam etdirilir.
Rəsmi qurumlar hadisənin bütün təfərrüatlarının araşdırıldığını və yekun qərarın istintaqın nəticələrinə əsasən veriləcəyini bildiriblər.
