Ev almaq istəyənlər tələssin? 2027-ci ildə əmlak bazarında nə gözlənilir?

Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin gələn il də artacağı gözlənilir. Lakin bahalaşmanın bütün əmlak növləri və ərazilər üzrə eyni səviyyədə olmayacağı ehtimal edilir. Tikinti xərcləri, inflyasiya, əhalinin alıcılıq qabiliyyəti və mənzilə olan tələbat bazarın gələcək dinamikasına təsir göstərən əsas amillər olacaq. Bəs 2027-ci ildə mənzil, torpaq və kommersiya obyektlərinin qiymətlərində hansı dəyişikliklər gözlənilir? Ev almaq istəyənlər alqı-satqını indidən həyata keçirməli, yoxsa gələn ili gözləməlidirlər?

Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, 2027-ci ildə daşınmaz əmlak bazarında qiymətlərin artım istiqamətində dəyişəcəyi gözlənilir. Lakin bu artım bütün seqmentlərdə eyni səviyyədə olmayacaq.

Onun sözlərinə görə, gələn il daşınmaz əmlak bazarının vəziyyətinə təsir göstərəcək əsas amillər əhalinin alıcılıq qabiliyyəti, tikinti sektorundakı aktivlik, investisiya imkanları, ipoteka şərtləri və mənzil təklifinin həcmi olacaq.

“Daşınmaz əmlak bazarında qiymətlərin formalaşmasına yalnız tələb və təklif təsir etmir. Makroiqtisadi vəziyyət, inflyasiya, tikinti xərcləri, bank kreditlərinin əlçatanlığı və əhalinin gəlirləri də mühüm rol oynayır. 2027-ci ildə bu amillərin qarşılıqlı təsiri nəticəsində bazarda müəyyən qiymət artımı gözləmək olar. Ancaq bu artımın bütün seqmentlərdə eyni olacağını düşünmürəm”, – deyə iqtisadçı qeyd edib.

Mənzil bazarında hansı dəyişikliklər gözlənilir?

V.Oruc bildirib ki, mənzil bazarında qiymətlərə təsir edən əsas amillərdən biri yeni yaşayış sahələrinin tikintisi ilə mövcud tələbat arasındakı münasibətdir.

Onun sözlərinə görə, Bakıda əhalinin mənzilə olan ehtiyacı, yeni ailələrin yaranması, paytaxta daxili miqrasiya və mənzil şəraitinin yaxşılaşdırılması tələbi qoruyan əsas amillərdir. Digər tərəfdən, tikinti sektorunda aktivliyin zəifləməsi gələcəkdə yeni mənzil təklifinin məhdudlaşmasına səbəb ola bilər.

“Əgər tikinti sektorunda zəifləmə davam edərsə, qarşıdakı dövrdə bazara çıxarılan yeni mənzillərin sayı ilə mövcud tələbat arasında fərq yarana bilər. Bu da qiymətlərə yüksəldici təsir göstərəcək. Xüsusilə infrastrukturu inkişaf etmiş, nəqliyyat imkanları yaxşı olan və tikinti üçün torpaq ehtiyatları məhdudlaşan ərazilərdə qiymət artımı daha qabarıq hiss oluna bilər”, – ekspert bildirib.

İqtisadçı hesab edir ki, ilkin və təkrar mənzil bazarlarında fərqli dinamika müşahidə ediləcək. Yeni tikililərdə tikinti materiallarının, əmək və maliyyələşmə xərclərinin təsiri daha çox hiss oluna bilər. Təkrar mənzil bazarında isə binanın yerləşməsi, texniki vəziyyəti, sənədləri və ətraf infrastruktur qiymətlərin müəyyənləşməsində əsas rol oynayacaq.

“Alıcılar artıq mənzil seçərkən yalnız kvadratmetrin qiymətinə baxmırlar. Binanın keyfiyyəti, çıxarışın olması, nəqliyyat əlçatanlığı, parklanma və yaşayış infrastrukturu da qərara təsir edir. Bu baxımdan, keyfiyyətli və əlverişli yerləşməyə malik mənzillərin bazardakı mövqeyini qoruyacağını düşünürəm”.

Torpaq bazarında qiymət artımı davam edə bilər

AQC İdarə Heyətinin sədri torpaq bazarının 2027-ci ildə də diqqət çəkən seqmentlərdən biri olacağını bildirib.

Onun sözlərinə görə, torpaq sahələri həm tikinti resursu, həm də investisiya aləti kimi əhəmiyyət daşıyır. Xüsusilə Bakının inkişaf potensialı olan ərazilərində torpaq təklifinin məhdudluğu qiymətləri dəstəkləyən amillərdəndir.

“Torpaq bazarında əsas məsələ yerləşmə və təyinatdır. Eyni ölçüdə olan iki torpaq sahəsinin qiyməti onların kommunikasiya xətlərinə yaxınlığından, yol infrastrukturundan, tikinti imkanlarından və hüquqi sənədlərindən asılı olaraq ciddi fərqlənə bilər. Ona görə də torpaq bazarında ümumi qiymət artımından danışarkən bütün ərazilərə eyni yanaşmaq olmaz”.

V.Oruc hesab edir ki, xüsusilə tikinti potensialı olan, yaşayış massivlərinin genişləndiyi və infrastruktur layihələrinin həyata keçirildiyi ərazilərdə torpağa maraq yüksək qala bilər. Bununla belə, təyinatı, hüquqi statusu və tikinti imkanları məhdud olan sahələrin qiymət artımı daha zəif ola bilər.

Kommersiya obyektlərində əsas göstərici gəlirlilik olacaq

İqtisadçı kommersiya daşınmaz əmlakı bazarında qiymətlərin dəyişməsinin digər seqmentlərdən fərqlənəcəyini bildirib.

Onun sözlərinə görə, kommersiya obyektlərinin dəyəri yalnız yerləşdiyi ərazidən deyil, həm də həmin obyektin gəlir gətirmək imkanından asılıdır.

“Mağaza, ofis, anbar, istehsal və xidmət obyektlərini eyni meyarlarla qiymətləndirmək olmaz. Məsələn, yüksək piyada axını olan ərazidə yerləşən ticarət sahəsinin investisiya cəlbediciliyi ilə şəhərin kənarında yerləşən anbarın cəlbediciliyi fərqlidir. Kommersiya obyektinin qiymətini müəyyən edərkən onun icarə potensialına, boş qalma ehtimalına, yerləşməsinə və gəlirlilik səviyyəsinə baxmaq lazımdır”.

V.Oruc hesab edir ki, 2027-ci ildə gəlir gətirən və düzgün yerləşməyə malik kommersiya obyektlərinə maraq qorunacaq. Lakin yalnız gələcəkdə bahalaşacağı gözləntisi ilə alınan, real icarə və gəlir potensialı olmayan obyektlər daha yüksək investisiya riski daşıyacaq.

2027-ci ildə qiymətlərə hansı iqtisadi amillər təsir göstərəcək?

V.Oruc bildirib ki, gələn il daşınmaz əmlak bazarının dinamikasını müəyyənləşdirəcək amillər arasında inflyasiya, tikinti xərcləri, kreditlərin əlçatanlığı və əhalinin gəlirlərinin dəyişməsi xüsusi əhəmiyyət daşıyır.

O qeyd edib ki, Mərkəzi Bankın 2026-cı ilin noyabr ayında açıqladığı proqnozlara əsasən, 2027-ci ildə ölkədə iqtisadi artımın 2,3 faiz, qeyri-neft-qaz sektorunda artımın isə 4,3 faiz olacağı gözlənilir. İllik inflyasiya proqnozu isə 5,9 faizdir.

“İnflyasiya tikinti materiallarının və xidmətlərin maya dəyərinə təsir göstərir. Bu isə yeni tikinti layihələrinin iqtisadi hesablamalarında öz əksini tapır. Eyni zamanda, əhalinin gəlirlərinin artması və kredit imkanlarının genişlənməsi daşınmaz əmlaka tələbi dəstəkləyə bilər. Burada əsas məsələ gəlirlərin artımının mənzil qiymətlərinin artım tempi ilə uzlaşmasıdır”.

İqtisadçı əlavə edib ki, bankların ipoteka və digər kredit məhsulları üzrə şərtləri də bazarın aktivliyinə təsir göstərəcək. Kreditlərin əlçatanlığının artması alıcıların maliyyə imkanlarını genişləndirə, sərtləşməsi isə mənzilə olan real tələbi zəiflədə bilər.

Ev almaq istəyənlər indi alsın, yoxsa 2027-ci ili gözləsinlər?

V.Oruc gələn il mənzil almağı planlaşdıran vətəndaşlara qiymətlərin mütləq ucuzlaşacağını gözləyərək qərarı təxirə salmağı tövsiyə etmir. Onun sözlərinə görə, bu məsələdə alıcının məqsədi və maliyyə imkanları əsas götürülməlidir.

“Əgər vətəndaşın mənzil almaq üçün kifayət qədər ilkin vəsaiti varsa, aylıq gəliri kredit ödənişlərini qarşılamağa imkan verirsə və ehtiyacına uyğun mənzil tapıbsa, sırf qiymətlərin gələn il dəyişə biləcəyi ehtimalına görə alqı-satqını təxirə salmaq məqsədəuyğun deyil. Çünki bazarda qiymətlərin azalacağına dair qəti əsas yoxdur. Əksinə, tikinti xərcləri, torpaq ehtiyatlarının məhdudluğu və mövcud tələb qiymətləri dəstəkləyən amillərdir”.

İqtisadçı vurğulayıb ki, mənzil alışında tələskənlik də düzgün yanaşma deyil. Alıcı ilk növbədə mənzilin real bazar dəyərini müəyyənləşdirməli, bir neçə alternativi müqayisə etməli, hüquqi sənədləri və binanın texniki vəziyyətini yoxlamalıdır.

“Əgər söhbət yaşayış məqsədilə mənzil almaqdan gedirsə, əsas meyar ailənin ehtiyacı və maliyyə imkanları olmalıdır. İnvestisiya məqsədilə əmlak alanlar isə qiymət artımı ilə yanaşı, gələcəkdə həmin əmlakı nə qədər asan sata biləcəklərini və ya icarəyə verə biləcəklərini də hesablamalıdırlar. Bəzən qiyməti daha ucuz olan obyektin likvidliyi də aşağı olur. Bu isə investisiyanın geri dönüş müddətini uzadır”.

V.Oruc hesab edir ki, 2027-ci ildə daşınmaz əmlak bazarında əsas tendensiya qiymətlərin bütün istiqamətlər üzrə eyni templə artması deyil, seqmentlər və ərazilər arasında fərqlərin daha da nəzərə çarpması olacaq.

Onun qənaətinə görə, gələn il daşınmaz əmlak bazarında qərar verənlər üçün əsas məsələ ucuzlaşmanı gözləmək deyil, real bazar dəyərini müəyyənləşdirmək, düzgün əmlak seçmək və maliyyə imkanlarına uyğun qərar verməkdir.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki