Vaşinqton ştatında üç nəfər quş qripinə yoluxub, onlardan biri vəfat edib.
Referans Media xəbər verir ki, bu barədə “Reuters” Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən məlumat yayıb.
“Çərşənbə axşamı ÜST ABŞ-dan Vaşinqton ştatında insanların quş qripinə yoluxmasının təsdiqlənmiş üç halı barədə bildiriş aldığını açıqlayıb. Yoluxanlardan biri həyatını itirib”, - deyə məlumatda bildirilir.
Təşkilatın məlumatına görə, yoluxan hər üç şəxs YaKima dairəsindəki südçülük təsərrüfatlarında çalışan yetkin insanlar olub.
Birinci xəstədə göz qıcıqlanması və burun axması da daxil olmaqla, yüngül simptomlar müşahidə edilib və onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranmayıb. Digər xəstədə konyunktivit inkişaf edib, o, xəstəxanaya yerləşdirilmədən sağalıb. ÜST-ün məlumatına əsasən, yanaşı xəstəliyi olan daha bir yoluxmuş şəxs isə respirator infeksiya nəticəsində vəfat edib.
Quş qripi heyvanların və quşların kəskin virus infeksiyasıdır (məsələn, H5N1 ştammı). Bu xəstəlik quşların kütləvi tələfatına səbəb olur və bəzi hallarda insanlara da keçə bilir. Yüksək patogenli törədici toxuma və orqanları asanlıqla zədələyir, qısa müddətdə kəskin simptomlara səbəb olur və çox vaxt ölümlə nəticələnir./publika.az
