Zəngəzur dəhlizinin reallaşması istiqamətində proseslərin sürətlənməsi İranın narahatlığını artırır. Tehran layihənin özünün geosiyasi və iqtisadi maraqlarına zidd olduğunu düşünür. Xüsusilə ABŞ-nin regionda mövqelərinin güclənməsi və alternativ nəqliyyat marşrutlarının formalaşması İranın regional təsir imkanlarına təsir göstərə bilər. Bu fonda İranın layihəyə mane olmaq üçün hansı addımları ata biləcəyi məsələsi də diqqət mərkəzindədir.
Referans Media-ya açıqlama verən hərbi ekspert Səxavət Məmməd bildirib ki, Zəngəzur dəhlizi adlandırılan və ABŞ ilə Ermənistan arasında imzalanan layihə müəyyən mənada İranın maraqlarına ziddir.
Onun sözlərinə görə, burada söhbət təkcə ABŞ-nin gəlib İran sərhədinin yaxınlığında mövqe tutmasından getmir. Əsas məsələlərdən biri Çin mallarının daşınması ilə bağlıdır:
“İndiyə qədər Çindən gələn mallar daha çox Körfəzə, Hörmüz boğazından keçərək Fars körfəzinə çatdırılırdı. Xüsusilə Bəndər-Abbas limanına gətirilən yüklər buradan digər istiqamətlərə daşınırdı. Əgər bu layihə gerçəkləşərsə və “Bir kəmər, bir yol” təşəbbüsü həyata keçərsə, İran üzərindən keçən yüklərin həcmi xeyli azalacaq.
Çünki layihənin əsas məqsədi həm daşınma müddətini, həm də marşrutu qısaltmaq, eyni zamanda qiymətləri aşağı salmaqdır. Məsələn, 45 günə çatdırılan məhsul artıq bir-iki həftəyə, hətta daha qısa müddətdə təyinat yerinə çata biləcək. Bu isə İran iqtisadiyyatına və ölkənin logistika baxımından əhəmiyyətinə ciddi təsir göstərəcək”.
Ekspert qeyd edib ki, İran dəhlizlə bağlı mövqeyini dəfələrlə açıqlasa da, Tehranın əsas “qırmızı xətti” sərhədlərin dəyişdirilməsidir. Onun fikrincə, İran əvvəlcə Azərbaycanın güc yolu ilə həmin əraziləri ələ keçirəcəyini və Ermənistanın sərhədlərinin dəyişdiriləcəyini düşünürdü. Bu səbəbdən Tehran yolun Ermənistanın nəzarətində qalmasını istəyirdi.
S.Məmmədin sözlərinə görə, Ermənistan bu layihə ilə bağlı əvvəlcə 10 noyabr bəyanatı çərçivəsində Rusiyaya, daha sonra isə ABŞ ilə imzalanan razılaşma vasitəsilə Amerikaya müəyyən imkanlar verib. Bu da İranın narahatlığını artırıb.
Hərbi ekspert bildirib ki, ABŞ ilə Ermənistan arasında hərbi əməkdaşlıq da Tehranı ciddi şəkildə düşündürən məsələlərdəndir:
“Artıq bir neçə dəfə Ermənistanla ABŞ arasında xüsusi təyinatlıların iştirakı ilə hərbi təlimlər keçirilib. Hətta bu təlimlər İran sərhədinə yaxın istiqamətlərdə də təşkil olunub. İran başa düşür ki, bu yol açılarsa, Amerikanın burada nəzarəti və təsir imkanları daha da artacaq. Bu isə Tehran üçün ciddi nəticələr doğura bilər.
İran buna görə də Ermənistana maksimum təzyiq göstərməyə çalışır. Tehran açıq şəkildə bildirir ki, bu yolda üçüncü dövlət iştirak edəcəksə, həmin dövlət Rusiya olmalıdır. Alternativ olaraq isə yolun təhlükəsizliyinə Ermənistan özü nəzarət etməlidir”.
S.Məmməd hesab edir ki, hazırkı mərhələdə İranın Ermənistana qarşı istifadə edə biləcəyi müəyyən təsir rıçaqları var və Tehran onlardan maksimum yararlanmağa çalışacaq. Onun fikrincə, İran və Rusiya birgə fəaliyyət göstərərək Ermənistanda hakimiyyət dəyişikliyinə, hətta çevriliş cəhdinə də dəstək verə bilərlər.
Ekspertin qənaətinə görə, hazırda Ermənistanın üzərinə böyük məsuliyyət düşür. Azərbaycan yolların çəkilməsi istiqamətində işləri, demək olar ki, tamamlayıb. Əsas qərar isə Ermənistan tərəfindən verilməlidir. Lakin rəsmi İrəvan hələ də yekun mövqeyini müəyyənləşdirə bilmir.
O bildirib ki, Ermənistan bir tərəfdən layihənin reallaşması ilə Rusiyanın mövqelərinin zəifləyəcəyini, digər tərəfdən isə Moskvanın buna cavab olaraq ölkədə müəyyən addımlar ata biləcəyini nəzərə alır.
S.Məmməd İranın təkbaşına hərbi güc vasitəsilə bu prosesə müdaxilə edəcəyini düşünmədiyini, lakin Rusiya ilə birlikdə müəyyən addımlar ata biləcəyini istisna etməyib:
“Hazırkı mərhələdə Ermənistana qarşı hərbi müdaxilənin olacağını düşünmürəm. Ancaq Ermənistanda hakimiyyət dəyişikliyi üçün İran və Rusiya birlikdə fəaliyyət göstərə bilərmi? Bu, mümkün variantdır. Bir müddət əvvəl İranın Ermənistana sərt şəkildə xəbərdarlıq etdiyinin də şahidi olmuşuq.
Əgər İrana qarşı Amerikanın üçüncü dalğa hücumları başlayarsa və bu hücumlar daha dağıdıcı olarsa, İran təkcə Amerikanın hərbi bazalarına deyil, Ermənistana qarşı da aqressiv davrana bilər. Bu halda həmin proseslərin şahidi ola bilərik”.
Hərbi ekspert vurğulayıb ki, bu səbəbdən dəhlizlə bağlı bütün məsələlərin artıq həll olunduğunu indidən söyləmək doğru deyil. Onun fikrincə, ABŞ layihənin reallaşmasına çalışsa da, prosesin ləngiməsində İran və Rusiyanın birgə fəaliyyət ehtimalı da nəzərə alınmalıdır.
S.Məmməd əlavə edib ki, hazırda dünyada logistika uğrunda mübarizə gedir və Ermənistan bu prosesin mühüm iştirakçılarından biridir. Onun sözlərinə görə, tərəflər arasında uzlaşma əldə olunmasa, Ermənistan daxilində ciddi siyasi proseslərin baş verməsi mümkündür.
Gülnaz Abdullazadə
