ABŞ administrasiyası Çin, Avropa İttifaqı və daha 14 ölkədən idxal olunan mallara gömrük rüsumlarını artırmağı planlaşdırır.
Referans Media bildirir ki, “The Wall Street Journal” nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, bu barədə qərar ABŞ-ın yerli sənayenin dövlət tərəfindən dəstəklənməsi ilə bağlı apardığı araşdırmanın nəticələri əsasında verilə bilər.
Nəşrin məlumatına görə, ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir çoxaylıq araşdırmanın nəticələrini hələ bu həftə açıqlamağı planlaşdırır. Lakin tarix dəyişə bilər.
Vaşinqton hesab edir ki, bir sıra ölkələrin yerli istehsalçılara dövlət subsidiyaları ayırması dünya bazarında ucuz məhsul bolluğu yaradır və Amerika şirkətlərini rəqabətdə əlverişsiz vəziyyətə salır.
Yeni rüsumların Çin, Avropa İttifaqının 27 üzvü, Yaponiya, Cənubi Koreya, Vyetnam, Hindistan və digər ölkələrə şamil ediləcəyi gözlənilir.
ABŞ-la əvvəlki ticarət razılaşmaları olan Avropa İttifaqı, Yaponiya və Cənubi Koreya üçün rüsum dərəcəsinin 15 faiz və ya daha aşağı olacağı bildirilir. Vyetnam və Hindistana isə daha yüksək tariflərin tətbiqi nəzərdə tutulur. Ən sərt tədbirlərin Çinə qarşı yönələcəyi gözlənilir.
Yeni rüsumlar, ehtimal ki, əksər ixrac məhsullarını əhatə edəcək. Artıq ayrıca tariflər tətbiq olunan polad, alüminium və avtomobillərin isə istisna ediləcəyi bildirilir..Globalinfo.az
