Son dövrlərdə insanlarda depressiya əlamətləri və psixoloji gərginlik daha çox diqqət çəkir. Sürətli həyat tempi, sosial şəbəkələrdə başqaları ilə müqayisə, qeyri-müəyyənlik hissi və gündəlik stress insanların emosional vəziyyətinə təsir göstərən amillər sırasındadır. Bəs bu halların yaranmasına başqa hansı səbəblər təsir edir və insan depressiv vəziyyətdən çıxmaq üçün nələr etməlidir?
Referans Media-ya açıqlama verən uşaq psixoloqu-pedaqoq Nəzrin Məmmədova bildirib ki, son dövrlərdə depressiya əlamətlərinin
artması təsadüfi deyil və bunun arxasında bir neçə real səbəb dayanır.
Onun sözlərinə görə, ilk növbədə, sosial şəbəkələrdə insanların özlərini daim başqaları ilə müqayisə etməsi psixoloji vəziyyətə mənfi təsir göstərir. Bununla yanaşı, həyat tempinin sürətlənməsi nəticəsində insanlar daxili yorğunluqlarını görmür və qəbul etmirlər.
Psixoloq qeyd edib ki, qeyri-müəyyənlik hissinin artması, eləcə də yaxın münasibətlərdə sərhədlərin pozulması da bu vəziyyətə təsir edən amillərdəndir. Belə hallarda insan öz emosiyalarını və yorğunluğunu fərq etməkdə, onları qəbul etməkdə çətinlik çəkir.
N.Məmmədova depressiv vəziyyətdən çıxmaq üçün ilk növbədə insanın öz daxili yorğunluğunu və yaşadığı halı qəbul etməsinin vacib olduğunu vurğulayıb.
Onun fikrincə, bundan sonra gündəlik həyatda real addımlar atılmalı, yuxu rejimi və gündəlik ritm qorunmalı, insanın daxilən keçirdiyi hissləri başqaları ilə bölüşməsi üçün şərait yaradılmalıdır.
Psixoloq bildirib ki, əgər bu hal həftələrlə davam edərsə və insanın gündəlik həyat rejimində ciddi dəyişikliklər yaradarsa, mütəxəssisə müraciət etmək vacibdir.
N.Məmmədova əlavə edib ki, çətinlik yaşamaq insanın zəifliyi deyil, insan olmağın təbii bir parçasıdır.
Gülnaz Abdullazadə
