Kriptovalyutaya pul qoymaq istəyənlərə XƏBƏRDARLIQ: Bütün yığımınızı itirə bilərsiniz

Son dövrlərdə kriptovalyuta bazarında müşahidə olunan kəskin qiymət dalğalanmaları investorlar arasında tərəddüdlərə səbəb olur. Qısa müddətdə yüksək gəlir əldə etmək imkanı yaradan bu aktivlər eyni zamanda ciddi maliyyə itkisi riskini də daşıyır. Bəs hazırda kriptovalyutaya investisiya qoymaq nə dərəcədə məqsədəuyğundur və bu bazara daxil olmaq istəyənlər nələrə diqqət etməlidirlər?

Referans Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, kriptovalyuta bazarında son dövrlərdə müşahidə olunan kəskin qiymət dəyişiklikləri bu aktivlərə investisiya qoyuluşunun kifayət qədər yüksək risk daşıdığını göstərir.

Onun sözlərinə görə, hazırda kriptovalyutaya investisiya etmək istəyən şəxslər ilk növbədə bazarın vəziyyətini və öz maliyyə imkanlarını düzgün qiymətləndirməlidirlər. Kriptovalyuta qısa müddətdə yüksək gəlir gətirə bilsə də, eyni sürətlə ciddi maliyyə itkisinə də səbəb ola bilər. Buna görə də onu zəmanətli qazanc mənbəyi kimi qəbul etmək düzgün deyil.

İqtisadçı qeyd edib ki, bu bazara daxil olmaq istəyən şəxslər ilk növbədə bütün vəsaitlərini kriptovalyutaya yatırmaqdan çəkinməlidirlər. İnvestisiya yalnız itirilməsi gündəlik yaşayış səviyyəsinə, ailə büdcəsinə və maliyyə öhdəliklərinə ciddi təsir göstərməyəcək məbləğ hesabına edilməlidir.

Xüsusilə kredit götürərək və ya borc pulla kriptovalyuta almaq çox risklidir. Çünki qiymətlər gözlənilmədən aşağı düşdükdə investor həm aktivin dəyərini itirir, həm də borc öhdəliyi ilə üzləşir.

A.Nəsirlinin sözlərinə görə, digər mühüm məsələ investisiyanın şaxələndirilməsidir. Bütün vəsaiti bir kriptovalyutaya yönəltmək əvəzinə, maliyyə resurslarını müxtəlif aktivlər arasında bölüşdürmək daha məqsədəuyğundur.

Eyni zamanda, investor aldığı kriptoaktivin hansı layihəyə əsaslandığını, arxasında hansı texnologiyanın dayandığını, bazardakı mövqeyini və real istifadə imkanlarını araşdırmalıdır. Sadəcə sosial şəbəkələrdə yayılan məlumatlara və qiymətin sürətlə artacağı barədə vədlərə əsaslanaraq qərar vermək ciddi səhvdir.

İqtisadçı vurğulayıb ki, kriptovalyuta bazarında emosional qərarlar da böyük itkilərə səbəb olur. Qiymət yüksələndə fürsəti qaçırmaq qorxusu ilə alış etmək, ucuzlaşma zamanı isə panikaya düşərək satışa tələsmək düzgün investisiya davranışı deyil. Daha sağlam yanaşma əvvəlcədən investisiya müddətini, risk həddini və mümkün zərərin miqdarını müəyyənləşdirməkdir.

A.Nəsirli hesab edir ki, kriptovalyutaya investisiya hazırda yalnız yüksək riskləri qəbul edə bilən və bu bazarı kifayət qədər araşdıran şəxslər üçün uyğun ola bilər.

Onun fikrincə, əsas prinsip qısa müddətdə böyük qazanc əldə etmək deyil, mövcud kapitalı qorumaq və riskləri idarə etmək olmalıdır. Kriptovalyutanı bütün yığımların alternativi deyil, investisiya portfelinin məhdud və riskli bir hissəsi kimi qiymətləndirmək daha düzgün yanaşmadır.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki