ABŞ-ın şimal-şərq ştatlarında baş verən güclü qar fırtınası həyatı iflic edib. Amerika Birləşmiş Ştatları ərazisində təsirli olan təbii hadisə nəticəsində milyonlarla insan çətin vəziyyətdə qalıb.
Referans Media xəbər verir ki, Rod-Aylend, Konnektikut, Delaver, Merilend, Massaçusets, Nyu-Cersi, Nyu-York və Pensilvaniya ştatlarında təsirli olan qar fırtınası təxminən 30 milyon nəfərə təsir göstərib.
Ən azı beş ştatda qarın qalınlığı 60 santimetrə, bəzi bölgələrdə isə 75 santimetrə çatıb. Yüz minlərlə insan işıqsız qalıb.
Nyu-York şəhərində, xüsusilə Mərkəzi Park ərazisində qarın qalınlığı 49 santimetr olaraq ölçülüb. Bu fırtına şəhərdə 1869-cu ildən bəri qeydə alınan ən güclü 9-cu qar fırtınası kimi tarixə düşüb.
Şəhərdə fövqəladə vəziyyət elan olunub. Mer Zohran Mamdani bildirib ki, küçələrin təmizlənməsi və təhlükəsizliyin təmin olunması üçün bütün qurumlar səfərbər edilib.
Pis hava şəraiti hava nəqliyyatına da ciddi təsir göstərib. Ölkə üzrə 10 mindən çox uçuş ləğv olunub.
Ən çox zərər görən hava limanları:
Nyuark Liberti Beynəlxalq Hava Limanı
LaQuardia Hava Limanı
Con F. Kennedi Beynəlxalq Hava Limanı
Boston Loqan Beynəlxalq Hava Limanı
Günorta saatlarına olan məlumata görə, 650 mindən artıq şəxs elektrik enerjisiz qalıb. Bir sıra ştatlarda vəziyyət qismən stabilləşsə də, bəzi bölgələrdə kəsintilər davam edir.
Rəsmilər yolların buzlu və təhlükəli olduğunu bildirərək, vətəndaşlara zəruri hal olmadıqca evdən çıxmamağı tövsiyə ediblər. Qarın təsiri azalsa da, təmizləmə işləri hələ də davam edir.























