Donald Tramp administrasiyası İsrail hökumətinə diqqətçəkən mesaj göndərib. ABŞ tərəfi İsraildən İranın enerji və xüsusilə də neft obyektlərini daha çox hədəfə almamağı tələb edib.
Referans Media xəbər verir ki, bu xəbərdarlıq İsrail mediasında yayılan məlumatlara əsaslanır. Bildirilir ki, Vaşinqton Tel-Əviv rəhbərliyindən İranın enerji infrastrukturuna zərbələrin dayandırılmasını istəyib.
İsrail mediasının məlumatına görə, İsrail ordusu bu günlərdə Tehranda yanacaq anbarları və neft emalı obyektlərinə zərbələr endirib. Bu, müharibə başlayandan sonra paytaxtdakı enerji obyektlərinə edilən ilk hücumlardan biri hesab olunur. İsrail hərbi təyyarələrinin Tehrandakı neft tankları və emal müəssisələrini hədəf aldığı bildirilir.
ABŞ və İsrail fevralın 28-də İran ərazisinə hərbi zərbələr endirib. Buna cavab olaraq Tehran regionda ABŞ və müttəfiqlərinə məxsus hədəflərə hücumlar həyata keçirib.
İranın cavab hücumları əsasən ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrdəki hədəflərə yönəlib.
İran rəsmilərinin məlumatına görə, ABŞ və İsrailin hücumları nəticəsində 1332 nəfər həlak olub. Ölənlər arasında İranın ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslərin də olduğu bildirilib.























