ABŞ donanmaları İrana doğru irəliləyir – Çin isə dəniz gücü göndərməyə hazırlaşır

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi yığıncaq Körfəz xəttində sürətlə genişlənir. Vaşinqton İranı cənubdan dəniz yolu ilə mühasirəyə almaq məqsədilə əsas donanma qüvvələrini bölgəyə yönəldib. ABŞ-ın dəniz və hava gücünü Yaxın Şərqə cəmləməsi fonunda, Çinin də Tehrana logistika dəstəyi vermək üçün esmines və sualtı qayıqlarını hərəkətə keçirməyə hazırlaşdığı iddia olunur.

Referans Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “USS Abraham Lincoln” aviadaşıyıcı zərbə qrupunun İran sahillərinə doğru istiqamətləndirildiyini açıqlayaraq, “Ümid edirəm ki, ondan istifadə etməyə ehtiyac qalmaz”, – deyə bildirib. ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmiləri aviadaşıyıcının Cənubi Çin dənizindən çıxarılaraq Hind okeanı və Ərəb dənizi xəttinə keçirildiyini təsdiqləyiblər.

“New York Times” nəşrinin yaydığı gizli ABŞ kəşfiyyat qiymətləndirmələrində isə İran rəhbərliyinin son illərin ən həssas və zəif dövrlərindən birini yaşadığına dair analizlərin Trampa təqdim edildiyi qeyd olunur. Eyni zamanda ABŞ-ın Hint–Sakit okean bölgəsinə əlavə olaraq iki aviadaşıyıcı və amfibi hücum qrupunu göndərməsi, hərbi yığınağın yalnız İranla məhdudlaşmadığını göstərir.

Körfəzlərdə intensiv patrul

ABŞ Donanması “USS Abraham Lincoln” rəhbərliyindəki aviadaşıyıcı zərbə qrupu ilə Umman körfəzi və Bəsrə körfəzi istiqamətində dəniz gücünü artıraraq İranın cənubundakı strateji dəniz keçidlərində patrul fəaliyyətlərini intensivləşdirib.

Zərbə qrupuna USS Mobile Bay idarəolunan raket kreyseri, eləcə də Arleigh Burke sinfinə aid esmineslər daxildir. Bu gəmilər yüzlərlə “Tomahawk” qanadlı raketi, Standard Missile hava hücumundan müdafiə sistemləri və sualtı qayıqlara qarşı silahlarla təchiz olunub. ABŞ Donanmasının məlumatına görə, hazırda CENTCOM əməliyyat zonasında azı üç esmines və bir sualtı qayıq fasiləsiz patrul xidməti aparır.

İran cənubdan mühasirəyə alınır Abraham Lincoln qrupuna daxil olan CVW-9 hava qanadı F-35C Lightning II, F/A-18E/F Super Hornet qırıcıları və EA-18G Growler elektron müharibə təyyarələri ilə təchiz olunub. Qrupda həmçinin E-2D Hawkeye erkən xəbərdarlıq təyyarələri və MH-60 Seahawk helikopterləri də yer alır.

ABŞ paralel olaraq İngiltərədəki RAF Lakenheath bazasından Yaxın Şərqə F-15E Strike Eagle qırıcılarını və KC-135 yanacaq doldurma təyyarələrini göndərib. ABŞ-ın bölgədəki əsas hava bazaları sırasında İordaniyada Muvaffak Salti, Qətərdə Əl-Udeyd və Bəhreyndə 5-ci Donanma obyektləri yer alır. Wall Street Journalın məlumatına görə, İran tərəfindən mümkün raket və PUA hücumlarına qarşı bu bazalara Patriot və THAAD hava hücumundan müdafiə sistemləri də yerləşdirilib.

Çin amili və mümkün gərginlik Hərbi ekspertlərin fikrincə, Çin İranla əlaqəli logistika və təchizat xətlərinin təhlükəsizliyini təmin etmək üçün Hint–Sakit okean bölgəsinə esmines və sualtı qayıqlar göndərməyə hazırlaşır.

Bu proses fonunda ABŞ Donanmasının USS Tripoli mərkəzli kəşfiyyat–zərbə qrupu da Hint–Sakit okeanda ikinci təzyiq xəttini formalaşdırır. National Interest nəşrinin ABŞ Konqresinə istinadən yaydığı məlumata görə, bu qrupun tərkibinə USS Robert Smalls kreyseri, USS Rafael Peralta esminesi və təxminən 2 400 dəniz piyadasından ibarət 31-ci ekspedisiya bölməsi daxildir. Birlik F-35B, MV-22 Osprey, CH-53E Super Stallion və AH-1Z Viper vasitəsilə müstəqil hücum və amfibi əməliyyat imkanlarına malikdir.

“Çin donanması yoldadır” iddiası Nəşrin hərbi analitiklərinə görə, ABŞ bu yığınağı “rutin fəaliyyət” kimi təqdim etsə də, əsas məqsəd İrana mümkün hücum zamanı Çindən gələcək mülki və hərbi dəstəyin qarşısını almaqdır. Eyni mənbələr Çinin də cavab olaraq bölgəyə çoxsaylı esmines və sualtı qayıq göndərmək qərarı verdiyini iddia edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki