ABŞ-ın 75 ölkə ilə bağlı verdiyi qərar beynəlxalq gündəmdə ciddi müzakirələrə səbəb olub. Belə ki, Dövlət Departamenti həmin ölkələrin vətəndaşları üçün immiqrasiya vizalarının verilməsini dayandırıb. Siyahıya Azərbaycanın da daxil edilməsi ölkədən ABŞ-a köç planları quran şəxslər arasında narahatlıq yaradıb.
Qərarın Azərbaycan vətəndaşlarına mümkün təsirləri nədən ibarətdir?
Referans Media bildirir ki, Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, ABŞ və Azərbaycan münasibətləri hazırda daha müsbət mərhələdədir:
“Siyasi və iqtisadi müstəvidə müəyyən irəliləyişlər müşahidə olunur və ABŞ Azərbaycanı regionda maraqlı tərəfdaşlardan biri kimi dəyərləndirir. Bu münasibətlər qarşılıqlı səfərlərdə və əlaqələrin intensivliyində də özünü göstərir. Ümumilikdə, ABŞ turist qəbul edən ölkələr sırasında say baxımından ilk onluqda yer almasa da, turizmdən əldə olunan gəlirlərə görə dünyada aparıcı mövqedədir. Bunun əsas səbəbi ABŞ-a səfər edən turistlərin yüksək xərcləmə qabiliyyətinə malik olmasıdır. Məsələn, 2019-cu ildə Vaşinqton turizmdən 241 milyard dollardan çox gəlir əldə edib. COVID-19 dövründə bu göstəricilər azalsa da, sonrakı illərdə bu ölkə turizmdən gəlirlərinə görə yenidən dünya liderliyini qoruyub saxladı”.
Ekspert bildirib ki, statistik məlumatlara əsasən, 2019-cu ildə ABŞ-dan Azərbaycana təxminən 19 min nəfər səfər edib:
“2020-ci ildə pandemiya səbəbindən bu rəqəm kəskin azalıb. 2022-ci ildən etibarən isə artım müşahidə olunmağa başlayıb. Belə ki, 2022-ci ildə təxminən 12,3 min, 2023-cü ildə 17 min, 2024-cü ildə isə 23 minə yaxın ABŞ vətəndaşı Azərbaycana səfər edib. Azərbaycandan ABŞ-a səfərlərlə bağlı statistik məlumatların nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Amma mövcud göstəricilərə görə, 2019-cu ildə təxminən 6 min vətəndaşımızın ABŞ-a səfəri qeydə alınıb. 2020-ci ildən sonra bu rəqəmlərin kəskin şəkildə azaldığı görünür. 2024-cü ildə təxminən 60, 2025-ci ildə isə 150 nəfərin səfəri qeyd olunur və bunların əksəriyyəti rəsmi xarakter daşıyıb”.
C.Aşurov qeyd edib ki, immiqrasiya vizalarının müvəqqəti dayandırılması müəyyən qədər səfərlərin azalmasına təsir göstərə bilər:
“Bu, iki ölkə arasında müəyyən narahatlıq yarada bilər. Lakin qərarın əsasən maliyyə məsələləri və bəzi immiqrantlarla bağlı problemlərlə əlaqəli olduğu bildirilir. Azərbaycandan ABŞ-a gedən vətəndaşların sayı onsuz da çox olmadığı üçün bu addım turistik axına ciddi təsir göstərməyəcək. Çünki ABŞ Azərbaycan vətəndaşları üçün ən çox səfər edilən ölkələr sırasında yer almır. Vizaların dayandırılmasının əsas səbəbi kimi miqrantların sosial təminat və müavinətlərdən istifadəsi ilə bağlı məsələlər göstərilir. Bu mövzuya tam aydınlıq gətirildikdən sonra viza prosedurlarının bərpa olunması ehtimalı istisna edilmir. Eyni zamanda qlobal miqyasda artan gərginlik fonunda bu addımın müəyyən təhlükəsizlik məqsədləri daşıması da mümkün görünür”.























