ABŞ və İran prezidentləri tərəfindən imzalanmış qarşılıqlı anlaşma memorandumu qüvvəyə minib və İslamabad vasitəçi qismində bunu təsdiqləyib.
Referans Media xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif X hesabında məlumat verib.
“Bu gün ABŞ və İran arasında tarixi “İslamabad anlaşma memorandumu”nun elektron formatda imzalandığını elan etməkdən böyük şərəf duyuram. Sənəd hər iki ölkənin hörmətli prezidentləri tərəfindən imzalanıb və eyni zamanda vasitəçi kimi mənim tərəfimdən də təsdiqlənib. “İslamabad anlaşma memorandumu” dərhal qüvvəyə minir.
İlk addım olaraq İran təxirə salmadan Hörmüz boğazını açacaq, ABŞ isə dəniz blokadasını dərhal ləğv edəcək”, – Pakistan hökumətinin rəhbəri əlavə edib.
Baş nazir münaqişənin dinc yolla həllinə sadiq qaldıqlarına görə ABŞ və İran rəhbərliyinə öz minnətdarlığını bildirib.
O, həmçinin Qətər, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin vasitəçilik səylərini yüksək qiymətləndirib.
