ABŞ İran ərazisində həyata keçirdiyi hərbi əməliyyatın başa çatdığını açıqlayıb. Vaşinqtonun bildirdiyinə görə, zərbələr İranın hərbi obyektlərinə yönəlib və “özünümüdafiə tədbiri” çərçivəsində həyata keçirilib.
Referans Media xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına əsasən, əməliyyat zamanı İranın hərbi müşahidə sistemləri, rabitə şəbəkələri və hava hücumundan müdafiə obyektləri hədəfə alınıb. Əməliyyatın təxminən dörd saat davam etdiyi bildirilib.
ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonun irəli sürdüyü şərtləri qəbul etməyəcəyi təqdirdə daha sərt addımların atılacağını bəyan edib. O, Tehranla diplomatik təmasların davam etdiyini də vurğulayıb.
İran isə Trampın İran rəsmilərinin onunla əlaqə saxlaması barədə açıqlamasını təkzib edib. Tehran hərbi təzyiqlər qarşısında geri çəkilməyəcəyini və cavab tədbirlərini davam etdirəcəyini bildirib.
Hücumlardan sonra İranın müxtəlif bölgələrində, o cümlədən Bəndər-Abbas və Hörmüz boğazına yaxın ərazilərdə partlayış səslərinin eşidildiyi bildirilib. İran hava hücumundan müdafiə sistemlərinin bir sıra bölgələrdə aktivləşdirildiyi qeyd olunub.
İran tərəfi ABŞ-ın hücumlarına cavab olaraq bölgədəki Amerika hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb. Məlumata görə, hədəflər arasında Küveyt, Bəhreyn və İordaniyadakı ABŞ hərbi obyektləri də olub.
Bununla yanaşı, Tehran Hörmüz boğazından keçən gəmilərin hədəfə alınacağı barədə xəbərdarlıq edib. ABŞ isə boğazın tam bağlanması ilə bağlı iddiaları təsdiqləməyib.
Regionda vəziyyət gərgin olaraq qalır. Tərəflər qarşılıqlı hərbi addımları davam etdirərkən, beynəlxalq ictimaiyyət mümkün genişmiqyaslı qarşıdurma riskindən narahatlığını ifadə edir.
