Azərbaycanda evliliklərin sayının azalması ilə yanaşı, toy mərasimlərinin keçirilmə formasında da dəyişikliklər müşahidə olunur. İqtisadi çətinliklər, toy xərclərinin artması, mənzil problemi və gənclərin təhsil və karyeraya daha çox üstünlük verməsi ailə qurmaq qərarına təsir edən əsas amillər sırasında göstərilir. Bununla yanaşı, böyük və dəbdəbəli toy anlayışına münasibətin də dəyişdiyi bildirilir.
Referans Media-ya açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, ümumiyyətlə, ailə qurmaq və evliliklər sosial-iqtisadi motivlərlə birbaşa bağlıdır və təbii ki, iqtisadi səbəblər burada mühüm rol oynayır.
Onun sözlərinə görə, müasir dövrdə evliliklərin azalması yalnız iqtisadi motivlərlə və iqtisadi səbəblərlə bağlı deyil. Evliliklərin azalmasına təsir edən digər vacib məsələlər sosial-iqtisadi davranışın dəyişməsi və sosial düşüncə tərzinin əhəmiyyətli dərəcədə yeni texnologiyalar kontekstində formalaşması ilə əlaqəlidir.
Sosioloq qeyd edib ki, iqtisadi vəziyyət, gəlirlərin səviyyəsi, mənzil problemi və toy xərclərinin əhəmiyyətli dərəcədə artması burada mühüm rol oynayır.
“Burada ənənələrin müəyyən mənfi təsiri də var ki, insanları bəlkə biz ailə qurmadan bir qədər çəkindiririk, qorxuya salırıq. Gənc bu 50 minlik, 100 minlik, çox vaxt daha bahalı toyların öhdəsindən gəlmək iqtidarında olmalıdır”, - deyə Niftəliyev bildirib.
Onun sözlərinə görə, kənar təsirlər, stress, müəyyən qlobal təsirlər, ünsiyyət mədəniyyətinin dəyişməsi, xəyanətlər və davranış modellərinin dəyişməsi də əhəmiyyətli dərəcədə öz təsirini göstərir.
Sosioloq bildirib ki, nikahların sayında müəyyən dövrlərdə artım və azalmalar müşahidə olunur. Onun sözlərinə görə, 2025-ci ilin sonuna olan statistikaya əsasən, 24 815 nikah qeydə alınıb və hər 1000 nəfərə nikah əmsalı 4,19 təşkil edib. 2026-cı ilin yanvar-fevral aylarında isə 5 250 nikah qeydə alınıb və bu göstərici hər 1000 nəfərə 3,12-yə düşüb.
Niftəliyev qeyd edib ki, nikahların artma və azalma əmsalları gənclərin nikaha və ailə qurmağa yanaşmasında müəyyən dəyişikliklərin olduğunu düşünməyə əsas verir.
“Gənclərin ailə ilə bağlı çətinlikləri daha spesifikdir. Həm yeni texnologiya dövrünün tələbləri, həm dəyərlərə bağlılıq məsələsinin aktuallaşması, valideyn-övlad münasibətlərində müəyyən yeni tendensiyaların, yəni yeni məsələlərin ortaya çıxması artıq həm də təhsil barədə düşünməyi önə çəkir”, - deyə o vurğulayıb.
Sosioloq bildirib ki, təhsil səviyyəsinin artması müsbət hal olsa da, bu, digər tərəfdən nikaha daxil olmanın müəyyən qədər gecikməsi ilə müşayiət olunur.
“İqtisadi müstəqillik əldə etmək, müəyyən mənzil sahibi olmaq, müəyyən sərvətə, gəlirə sahib olmaq və şəxsi inkişafı, karyeranı önə çəkmək məsələsi həm xanımlarda, həm də bəylərdə evliliklərin yaşının artmasına səbəb olur”, - deyə Niftəliyev bildirib.
O əlavə edib ki, həm qızlar, həm də oğlanlar xarici vətəndaşlarla ailə qurmağa daha çox meyillənirlər. Xüsusən xarici vətəndaşlarla evliliyin müəyyən hissəsində belə bir üstünlük seçilir. Bunun üstünlük kimi qəbul edilməsi isə mübahisəli məsələdir.
“Amma istənilən halda yenə də motiv sosial-iqtisadidir və rifah amilidir. Fikirləşirlər ki, xarici vətəndaşlar daha inkişaf etmiş və yaxud daha geniş imkanlar olan bir ölkədə özlərini daha genişliyə çıxara bilərlər”, - deyə sosioloq qeyd edib.
Niftəliyev bildirib ki, bu amillərin xüsusi və ciddi şəkildə araşdırılmasına, müvafiq adekvat sosial-iqtisadi proqramların və layihələrin icrasında tətbiq olunmasına ehtiyac var.
Sosioloqun sözlərinə görə, vacib faktlardan biri də artıq toyla evliliyin eyniləşdirilməməsidir.
“Toyun sosial anlayışı, yəni müəyyən qohumları cəlb etmək, müəyyən ailə proqramlarına dəstək olmaq məqsədindən müəyyən sosial, hüquqi, milli, sosial-etnik, sosial-mədəni fəaliyyət və davranış forması kimi həyata keçirilir”, - deyə o bildirib.
Niftəliyev qeyd edib ki, böyük və bahalı toyların sayının artması tövsiyə olunsa da, bu yanaşmalar nisbidir. Onun sözlərinə görə, özünü böyük toylarla ifadə etmək istəyən, bütün imkanlarını bir toy üçün xərcləyib daha sonra hətta bankrot və müflis vəziyyətə düşən insanların da sayı artır.
“Bəzən kreditə girib borc vəsaitlər götürüb, sonra bir neçə ay sonra borc alıb, o krediti ödəyə bilməyənlərin də sayı kifayət qədərdir. Belələri də təəssüf ki, var”, - deyə sosioloq vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan toy mədəniyyətində ciddi dəyişikliklərdən biri artıq toy düşüncəsinin praktiki düşüncəyə keçməsidir. İnsanlar böyük toyun o qədər də yaxşı olduğunu düşünmürlər.
“Gənclərin əhəmiyyətli qismi hesab edir ki, yüzlərlə qonağın iştirak etdiyi toy heç də onlara uğur gətirmir. Bundansa yaxın çevrədə normal insanların iştirakı ilə şəxsi bir mərasim keçirmək və bununla da kifayətlənmək daha məqsədəuyğundur. Şəxsən mən bu tendensiyanın tərəfdarıyam. Hər kəsin dəbdəbəli toy etməsi mütləq deyil”, - deyə Niftəliyev bildirib.
Sosioloq vurğulayıb ki, toy xərcləri rasional və əlçatan olmalıdır. Onun sözlərinə görə, əsas vacib olan cütlüyün gələcəkdə sosial-iqtisadi çətinliklərini və problemlərini nəzərə alaraq, öz rifahlarına uyğun hərəkət etmələri, ailə büdcəsini optimal şəkildə formalaşdırmaları, yaxşı övlad və yaxşı vətəndaş tərbiyə etmələridir.
“Dünyadakı sadə və minimal toy modellərinin Azərbaycan gənclərinə təbliğ edilməsi daha məqsədəuyğundur. Büdcədən səmərəli istifadə həm yaşlılar, həm gənclər, həm də 18 yaşı yeni tamam olub həyata başlayanlar üçün çox faydalıdır. Hər kəsin seçimləri fərqlidir, amma bu seçimlərin reallaşma imkanları seçimlərin özü qədər əhəmiyyətlidir”, - deyə o əlavə edib.
Niftəliyev qeyd edib ki, ailə qurmaq və yaxşı evliliklərin forması, gözləntiləri dəyişsə belə, ailə qurmaq məsələsi əhəmiyyətini qoruyur.
“Düşünürəm ki, normal, optimal evliliklər 20-30 yaş arasını keçməməlidir. Həm xanımlar, həm də xanımlar 25-27-yə qədər tələsməlidir. Bəylərin də 30-31 yaşına qədər artıq seçimləri, tərəf müqavirləri və yaxın müddətdə qura biləcəkləri ailə hədəfləri bəlli olmalıdır”, - deyə sosioloq bildirib.
O vurğulayıb ki, çox gecikmək də doğru deyil, çox tələsmək də. İlk zamanda ailə qurmaq müəyyən risklərə, yanlışlıqlara və səhvlərə gətirib çıxara bilər.
Sosioloqun sözlərinə görə, statistikada da nikaha daxilolma yaşında ciddi dəyişikliklər müşahidə olunur. Əvvəl, 1990-cı illərdə orta yaş həddi 20-21 yaş olduğu halda, 2003-2004-cü illərdə bu göstərici 23-24 yaşa, 2010-2011-ci illərdə isə 26 yaşa qədər yüksəlib. Son dövrlərdə isə orta yaş həddi qadınlarda 28-29, kişilərdə isə 30-31 yaşa çatıb.
“Orta yaş həddində böyük dəyişikliklər var. Bu dəyişikliklər də sosial-demoqrafik siyasətin mühüm hədəflərinə, nəsil artımı və reproduktiv siyasətə heç də uyğun deyil”, - deyə Niftəliyev qeyd edib.
Sosioloq bildirib ki, böyük toyların tamamilə yox olmasının tərəfdarı deyil. Onun fikrincə, böyük toylar böyük xərclər hesabına deyil, böyük dəstək hesabına formalaşmalıdır.
Gülnaz Abdullazadə
