Sürətlə çəki itirənlər DİQQƏT: Qayıdan kilolar daha təhlükəli gəlir!

Son dövrlərdə, xüsusilə yay aylarında arıqlamaq və orqanizmi “toksinlərdən təmizləmək” məqsədilə yalnız meyvə-tərəvəz, şirə və müxtəlif detoks içkilərindən ibarət qidalanma proqramlarına maraq artıb. Bəs bu cür pəhrizlər həqiqətən orqanizmi təmizləyirmi, sağlamlıq baxımından hansı fayda və riskləri var və belə qidalanmanın uzun müddət davam etdirilməsi hansı fəsadlara səbəb ola bilər?

Referans Media-ya açıqlama verən qida mütəxəssisi Fərid Səfərov bildirib ki, “detoks” adı ilə yalnız meyvə-tərəvəz, şirə və müxtəlif içkilərdən ibarət qidalanma proqramlarının orqanizmi xüsusi olaraq toksinlərdən təmizlədiyini göstərən kifayət qədər elmi əsas yoxdur.

Onun sözlərinə görə, sağlam insanlarda orqanizmin əsas “təmizləmə sistemi” qaraciyər, böyrəklər, bağırsaqlar və digər fizioloji mexanizmlərdir. Bu orqanlar normal fəaliyyət göstərdikdə əlavə detoks proqramına ehtiyac yaranmır.

Mütəxəssis qeyd edib ki, meyvə və tərəvəzlərin qidalanmada çox olması, şübhəsiz ki, faydalıdır. Onlar vitamin, mineral, antioksidant və liflə zəngindir. Lakin yalnız bu məhsullara və xüsusilə meyvə-tərəvəz şirələrinə əsaslanan pəhriz balanslı qidalanma hesab olunmur.

Belə proqramlarda zülal, sağlam yağlar, bəzi vitamin və minerallar, həmçinin kifayət qədər enerji çatışmazlığı yarana bilər. Şirə formasında qəbul zamanı isə meyvənin lifi azalır və şəkər daha sürətli qəbul olunur.

Səfərovun sözlərinə görə, qısa müddətdə belə pəhrizlərlə çəkidə azalma müşahidə edilə bilər. Lakin bunun mühüm hissəsi yağ itkisi deyil, su və qlikogen ehtiyatlarının azalması ilə bağlı ola bilər. Normal qidalanmaya qayıtdıqda çəkinin müəyyən hissəsi yenidən arta bilər.

O bildirib ki, belə qidalanmanın uzun müddət davam etdirilməsi əzələ kütləsinin azalmasına, halsızlıq və başgicəllənməyə, qida çatışmazlıqlarına, maddələr mübadiləsinin və hormonal sistemin pozulmasına səbəb ola bilər. Xüsusilə yeniyetmələr, hamilə və süd verən qadınlar, xroniki xəstəliyi olan şəxslər üçün bu cür məhdudlaşdırıcı pəhrizlər daha risklidir.

Qida mütəxəssisi vurğulayıb ki, arıqlamaq və sağlam qidalanmaq üçün daha düzgün yanaşma “detoks” deyil, balanslı və davamlı qidalanma modelidir. Tərəvəz və meyvələrlə yanaşı kifayət qədər zülal mənbələri, tam taxıllar, sağlam yağlar və su qəbul edilməlidir.

“Yəni orqanizmi təmizləmək üçün ac qalmaq və yalnız şirə içmək deyil, qaraciyər və böyrəklərin normal fəaliyyətini dəstəkləyən sağlam həyat tərzi əsasdır”, - deyə mütəxəssis əlavə edib.

“Sağlam qidalanaraq sağlam yaşayın!”

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki