Qurudulmuş alma bağırsaq sağlamlığı üçün faydalı olduğu kimi, bəzi xəstəlikləri olan insanlar üçün təhlükəli ola bilər.
Referans Media xəbər verir ki, bu barədə rusiyalı bioloq Vitali Napolov məlumat verib.
Onun sözlərinə görə, qurudulmuş alma təzə almadan daha kalorilidir, lakin tərkibində əlavə şəkər olmadığı üçün mürəbbə və ya kompotdakı meyvələrdən daha az kaloriyə malikdir. Məhsulda "C" vitamini və bağırsaq hərəkətliliyini stimullaşdıran pektin (Pektin - bitkilərin və meyvələrin hüceyrə divarında olan təbii bir qida lifidir) qorunur. Pektin qəbizliyin qarşısını almağa və normal bağırsaq mikroflorasının formalaşmasına kömək edir.
Bioloq bildirib ki, qurudulmuş almanın tərkibində immunitetə müsbət təsir göstərən müxtəlif antioksidantlar, həmçinin yod, sink, selen, mis və kalium kimi minerallar da var. Bu maddələr arterial təzyiqin və ürəyin normal fəaliyyətinin qorunmasına kömək edir.
Kimlərə qurudulmuş alma olmaz?
Napolov xəbərdarlıq edib ki, yüksək kalorili olduğuna görə şəkərli diabet, insulinrezistentlik və piylənmədən əziyyət çəkən şəxslər qurudulmuş alma istehlak etməməlidir.
Sağlam insan üçün isə gündə 30-50 qram qurudulmuş alma kifayətdir.
Necə saxlamaq lazımdır?
Mütəxəssis qurudulmuş almanı bir ildən artıq saxlamamağı tövsiyə edib. Saxlanma zamanı rütubətin təxminən 60 faiz olması, kəskin rütubət və temperatur dəyişikliklərindən isə qaçmaq lazımdır.
Napolov qurudulmuş almanın saxlanması üçün nəfəs alan qablardan - kətan torbalardan, karton və ya kağız qutulardan istifadə etməyi məsləhət görüb.//Publika.az
