Macarıstanda aparılan yeni elmi araşdırma pişiklərlə bağlı formalaşmış təsəvvürləri sarsıdıb.
Referans Media xəbər verir ki, Lorand Universiteti alimlərinin tədqiqatına görə, pişiklər sahiblərinə qarşı itlərdə olduğu kimi güclü emosional bağlılıq formalaşdırmır.
Eksperiment zamanı pişiklərin həm öz sahiblərinə, həm də tamamilə yad insanlara demək olar ki, eyni reaksiya verdiyi müəyyən edilib. Alimlər bu nəticəni pişiklərdə klassik “bağlanma davranışı”nın açıq şəkildə müşahidə olunmaması ilə izah edirlər.
Tədqiqatın müəlliflərindən biri, davranış biologiyası üzrə mütəxəssis Peter Pongracz bildirib ki, pişiklərin daha müstəqil olması onların təkamül xüsusiyyətləri ilə bağlıdır. Onun sözlərinə görə, pişiklər hələ də öz qidalarını əldə etmək bacarığını saxlayıb və texniki baxımdan insanın emosional dəstəyinə ehtiyac duymur.
Alim həmçinin qeyd edib ki, tərk edilən pişiklərin bir müddət sonra vəhşiləşərək müstəqil yaşamağa uyğunlaşması da bu fikri gücləndirir.
Bununla belə, mövzu ətrafında elmi mübahisələr davam edir. Bəzi mütəxəssislər hesab edirlər ki, pişiklər də sahibinə bağlana bilir, sadəcə bunu itlər qədər açıq və nümayişkaranə formada göstərmirlər./Musavat.com























